AERA 2020-ci il 3-cü rübü üçün vətəndaş müraciətləri və icazələrə dair nəticələri açıqladı

3-CÜ RÜB: İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

  • Bu ilin 3-cü rübündə elektrik enerjisi, qaz təchizatı, istilik təchizatı və digər sahələrlə bağlı Agentliyə birbaşa və Energetika Nazirliyindən daxil olan vətəndaş müraciətlərinin sayı 1106 olub ki, bu da ötən rüb ilə müqayisədə 205 müraciət və ya 22,8% artım deməkdir;

  • 3-cü rübdə daxil olan 1106 vətəndaş müraciətinin 9-u Energetika Nazirliyi ilə müştərək icra olunub;

  • Elektrik enerjisi təchizatı ilə bağlı Agentliyə daxil olan vətəndaş müraciətlərinin sayı ötən rübə nisbətdə 20% artaraq 905 müraciət təşkil edib;

  • Təbii qaz təchizatı ilə bağlı isə 155 müraciət daxil olub ki, bu da ötən rüb ilə müqayisədə 33,6% artım deməkdir;

  • 4 vətəndaş müraciəti istilik təchizatı ilə bağlı olub;

  • Digər məzmunlu müraciətlərin sayı artaraq 3-cü rübdə 42 müraciət təşkil edib;

  • 81 məlumat xarakterli müraciətdən 35-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub;

  • 281 müraciət hazırda baxılma prosesindədir;

  • 7 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilməklə, ümumilikdə, 735 müraciət Agentlik tərəfindən araşdırılaraq cavablandırılıb.

 3-CÜ RÜB: ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 17 avqust tarixli 1138 nömrəli Fərmanı ilə Agentliyə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə tədbirlər görmək səlahiyyətləri verilib;

  • 2020-ci ilin 3-cü rübü ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 53 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının ekspertizadan keçirilərək razılaşdırılmış layihə sənədlərinin sayı ötən rüb ilə müqayisədə 14% artaraq 69-a çatıb;

  • 11 layihə sənədi aşkar olunmuş çatışmazlıq səbəbindən sahibkarlara geri qaytarılıb ki, bu da 2-ci rübə nisbətən  31% azalma deməkdir;

  • Bu rübdə 20 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğaclar kompüterlə oxunub;

  • Bu rübdə 144 razılaşdırılmış layihəyə əsasən sənaye qaz qurğularının istismarına icazə verilib ki, bu da 2-ci rübə nisbətən 60% artım deməkdir;

  • Layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 2-ci rüb ilə müqayisədə 66% artaraq 860-a çatıb;

  • Qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 3 qeyri-qanuni qoşulma faktı aşkar edilib;

  • Rüb ərzində 65 inzibati xəta haqqında protokol tərtib edilib ki, bu da 2-ci rüb ilə müqayisədə 51% azalma deməkdir;

3-CÜ RÜB: PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

  • Müəssisələrin müraciəti əsasında peşə biliklərinin yoxlanılması prosesi 2-ci rüb ilə müqayisədə artıb. Belə ki, 3-cü rübdə Agentliyə müraciət edən 29 müəssisədə elektrik təsərrüfatına cavabdeh 93 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün ödənişsiz təkliflər verilib, metodiki yardım göstərilib.

3-CÜ RÜB: TEXNİKİ ŞURALAR

  • Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Texniki Şuralara edilmiş müraciətlərin sayı 2-ci rübə nisbətən 60% və ya 224 ədəd artaraq 3-cü rübdə 591 müraciət təşkil edib. Bu müraciətlərdən 589-u müsbət həll edilib, 2 müraciətə isə uyğunsuzluqlar səbəbindən baxılmayıb;

  • Müraciətlərə Bakıda və regonlarda yerləşən 16 “ASAN xidmət" və “ASAN Kommunal” mərkəzlərində və 1 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.