Azərbaycanın Enerji Tənzimləyicisi və Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumu arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumu (EPDK) arasında əməkdaşlıq Protokolu imzalanıb. Sənəd Azərbaycan və Türkiyə arasında enerji tənizmləmə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iki qurum arasında bu gün keçirilmiş onlayn görüş zamanı imzalanıb.

Türkiyə Respublikasının Enerji Bazarlarını Tənzimləmə Qurumunun prezidenti Mustafa Yılmaz, vitse-prezidentlər Hacı Ali Ulutaş, Hamdi Bildirici və qurumun digər rəhbər şəxslərinin iştirakı ilə keçirilən onlayn görüşə Azərbaycan tərəfdən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundov, sədr müavinləri Rövşən İsmayılov, Ramin Babayev və digər nümayəndələr qatılıblar.

Görüşü giriş sözü ilə açan Türkiyə Enerji Bazarlarını Tənzimləmə Qurumunun  prezidenti Mustafa Yılmaz rəhbərlik etdiyi qurumun Türkiyənin enerji bazarında 19 ildir ki, fəaliyyət göstərdiyini bildirib. Türkiyənin həmişə Azərbaycanı dəstəklədiyini deyən Mustafa Yılmaz, Azərbaycanın enerji tənzimləyicisi ilə əməkdaşlığın hər sahədə inkişaf etdirilməsi və sıx işgüzar əlaqələrin qurulması istiqamətində hərtərəfli dəstəyin veriləcəyini diqqətə çatdırıb. 

Agentliyin İdarə Heyətinin sədri Samir Axundov öz növbəsində Türkiyə nümayəndə heyətini salamlayıb, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının ilk günündən qardaş Türkiyə Respublikasının Azərbaycana olan dəstəyinə görə türk xalqına təşəkkürünü bildirib.

Samir Axundov enerji təhlükəsizliyinin Azərbaycanın iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən biri olduğunu vurğulayaraq qeyd edib ki, bundan əvvəl Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və təbii sərvətlər nazirliyi arasında münasibətlər çox uğurla inkişaf etdirilib.

“Görüşün məqsədi iki qurum arasında əməkdaşlığın təməlini qoymaq və onu hərtərəfli inkişaf etdirmək, həmçinin, energetika və kommunal xidmətlər sahəsi, rəqabətli enerji bazarı, enerji səmərəliliyi sahələri üzrə Türkiyənin təcrübəsi ilə tanış olmaq, eyni zamanda, bu sahədə təcrübə mübadiləsi aparmaqdır. Biz ümid edirik ki, əməkdaşlıq ümumi maraqlara cavab verən prioritetlərin reallaşmasına və enerji tənzimləmə sahəsində islahatların aparılmasına töhfə verəcək“, deyə  İdarə Heyətinin sədri qeyd edib.

Əməkdaşlıq Protokolunda elektrik enerjisi və təbii qaz təchizatı sahəsində dayanıqlı tənzimləmə bazasının yaradılması, enerji bazarının inkişafı üçün seminarlar, ikitərəfli görüşlər, təlimlər, mütəxəssis və təcrübə mübadiləsi, regional enerji bazarlarının yaradılması baxımından milli, regional və beynəlxalq qurumlarla əməkdaşlıq kimi məsələlərin həyata keçirilməsində AERA və Türkiyə Respublikasının Enerji Bazarlarını Tənzimləmə Qurumu ilə əməkdaşlıq öz əksini tapıb.

Həmçinin, bu sənəddə Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumu ilə enerji tənzimləməsinin inkişafı sahəsində ikitərəfli məsləhətləşmələrin təşviqi və ikitərəfli münasibətlərin daha da genişləndirilməsi nəzərdə tutulur.

Görüş zamanı Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri  Mehmet Kürkçü Türkiyənin enerji tənizmləyicisi haqqında təqdimatla çıxış edib, qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüş iştirakçılarına AERA-nın fəaliyyətinə dair məlumat verilib. AERA-nın Hüquqi təminat və təhlil şöbəsinin müdiri Fariz Şirinovun  təqdimatı Agentliyin fəaliyyət istiqamətləri, tənzimləyici tərəfindən hazırlanmış mühüm qanun layihələrini və normativ aktları, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyat keçirilən layihəni, beynəlxalq əməkdaşlıq haqqında məlumatları əhatə edib.