Buxarestdə AERA və Rumıniyanın enerji tənzimləyici qurumunun nümayəndələrinin görüşü olub

Buxarestdə işgüzar səfərdə olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) nümayəndə heyəti Rumıniyanın enerji tənzimləyici qurumunda olaraq bir sıra  əhəmiyyətli görüşlər keçirib. Rumıniyanın müvafiq qurumu olan ANRE (National Regulatory Authority for Energy) nümayəndələri ilə keçirilən görüş zamanı yerli mütəxəssislər AERA nümayəndələrini maraqlandıran müxtəlif sualları cavablandırıblar.

Rumıniyada enerji tənzimlənməsi sahəsində tətbiq edilən təcrübənin öyrənilməsi məqsədilə təşkil edilmiş görüşdə AERA ekspertləri rumın enerji tənzimləyicisinin təşkilati strukturu, fəaliyyəti və hesabatlılığı barədəki təqdimatlarla tanış olmuş, müvafiq müzakirələrdə iştirak etmişlər. Görüşdə enerji qurumlarının lisenziyalaşdırılması, tariflərin tətbiqi qaydaları və metodologiyası, topdansatış və pərakəndə satış bazarlarının tənzimlənməsi, həmçinin təminatçıların növləri və fəaliyyət qaydalarına həsr edilmiş müxtəlif sessiyalar keçirilib.

AERA nümayəndələri bazarın monitorinqi, bazar operatoru, ötürücü və tənzimləyici qurumlar arasındakı səlahiyyət bölgüsü, mübahisələrin həlli və istehlakçıların haqlarının qorunması, bərpa olunan enerji və enerji effektivliyi mövzusundakı fərqli müzakirələrdə aktiv iştirak ediblər.       

Xatırladaq ki, səfərin əsas məqsədi Rumıniyanın enerji tənzimlənməsi sahəsindəki təcrübələrinin öyrənilməsi və əldə edilmiş praktiki biliklərin Azərbaycanda tətbiqi mexanizmlərinin təhlilindən ibarətdir.