AERA Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının Bərpaolunan enerji mənbələri üzrə komitənin görüşündə iştirak edib

Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının (ERRA) Bərpaolunan enerji mənbələri üzrə komitəsinin ölkə üzvləri ilə onlayn görüşü baş tutub. Görüşdə Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Hüquqi təminat və təhlil şöbəsinin müdiri Fariz Şirinov da iştirak edib.

İlk öncə Komitə sədri Harald Proild iştirakçıları salamlayıb və konfrans iştirakçılarına Komitənin fəaliyyətinə dair 2020-ci ildə aparılmış sorğunun nəticələri barədə məlumat verib.

Görüşü ERRA-nın Tənzimləmə üzrə mütəxəssisi Ardian Berisha Mini şəbəkələrin inkişafında tənzimləyicilərin rolu mövzusu ilə çıxış edərək davam etdirib. Nigeriyanın  Elektrik Tənzimləmə Komissiyasının bərpaolunan enerji mənbələri və kənd elektrikləşdirilməsi üzrə baş meneceri Umar Fufore Məhəmməd tərəfindən Nigeriyada kiçik şəbəkə layihələrinin vəziyyəti mövzusu çərçivəsində mövcud strategiyalar təqdim olunaraq iştirakçılarla müzakirə edilib.

Butan Krallığının Elektrik idarəsinin baş təhlilçisinin müavini Pema Uonqçen öz növbəsində bərpaolunan enerji mənbələri üzrə tariflərin təyin edilməsinin tənzimlənməsi (külək və günəş enerjisi) mövzusunda çıxış edib. Pema Uonqçen tənzimləmə sənədlərinin hazırlanması barədə ətraflı məlumat verərək təfərrüatları iştirakçılarla dəyirmi masa ətrafında müzakirə edib.

Daha sonra Proild yenidən “Fərqli BOEM texnologiyalarının tətbiqində tənzimləyicinin iştirakı” mövzusu ilə çıxış edərək gələcək addımlar haqqında iştirakçıları məlumatlandırıb və görüşün yekun mərhələsinə keçid edib.

 Yekunda ERRA-nın baş proqram meneceri Valeria Farkas ERRA-nın gələcək fəaliyyəti haqqında məlumat verib.

 Qeyd edək ki, Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2018-ci ilin aprelindən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.