AYİB və AERA arasında Agentliyin əməkdaşları üçün keçirilən praktik təlimlərin qiymətləndirilməsi üzrə görüş keçirilib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) arasında Agentliyin əməkdaşlarının bilik va bacarıqlarının artırılması məqsədilə keçirilən praktik təlimlərin qiymətləndirilməsi üzrə görüş keçirilib. Görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, AYİB-in London ofisində layihə üzrə baş məsləhətçisi Vesselina Haralampieva, Bankın enerji məsələləri üzrə baş iqtisadçısı Cuzeppe Qrimaldi və digər nümayəndələri, həmçinin, təlimçi-eskpertlər qismində cəlb edilmiş mütəxəssislər iştirak ediblər.  

Tərəflər arasında ilkin təəssüratlar bölüşdürüldükdən sonra Agentliyin əməkdaşlarının müvafiq mövzular üzrə bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilən bu layihə yüksək qiymətləndirilib və digər mövzular üzrə də belə praktik təlimlərin keçirilməsi məqsədəuyğun hesab edilib.

2020-ci ilin dekabr ayında müxtəlif ölkələri təmsil edən beynəlxalq səviyyəli namizəd mütəxəssislərlə aparılan müsahibələrdən sonra hər iki mövzuya uyğun təlimçilərin seçim prosesi yekunlaşıb. “Elektrik enerjisi şəbəkəsi” mövzusu üzrə  Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumunun enerji üzrə eksperti Mehtap Alper Sağlam, “Elekrik enerjisi tarifləri” mövzusu üçün isə Gürcüstanın Milli Enerji və Su Təchizatı üzrə Tənzimləyici Komissiyasının Tarif və iqtisadi təhlil departamentinin Əməliyyat xərcləri üzrə audit şöbəsinin rəhbəri Lia Qvazava təlimçi-ekspert qismində seçiliblər. Praktik məsələlərə həsr edilmiş görüşlər hər bir mövzu üzrə həftədə iki dəfə olmaqla Agentliyin müvafiq əməkdaşları üçün onlayn formatda təşkil edilir, hər iki tərəf faydalı məlumat mübadiləsi etməklə qarşılıqlı biliklərini zənginləşdirir.

Mentorluq görüşlərinin cari ilin aprel ayına qədər davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin yanvar ayından başlayaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən “Azərbaycan Respublikasında yeni yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində Agentliyin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə praktik təlimlərə başlanılıb.