Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsinə nəzarətin icrası ilə bağlı qaydaların layihələrinin müzakirəsi keçirilib

Azərbaycan Respublikasının Prezidentinin “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 16 iyul 2018-ci il tarixli 204 nömrəli Fərmanından irəli gələn məsələlərin həll edilməsi istiqamətində işlər davam etdirilir. Fərmanın icrası ilə bağlı müvafiq qaydaların hazırlanması üçün KPMG məsləhətçi şirkəti tərəfindən layihələrin yerinə yetirilməsinə dair iş planı tərtib edilmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikası Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB, “Azəristiliktəchizat” ASC, habelə KPMG şirkətinin nümayəndələrinin görüşü keçirilmişdir.

Görüş zamanı KPMG şirkəti təmsilçilərinin məruzəsi dinlənmiş, təklif və tövsiyələr irəli sürülmüşdür. Elektrik qurğularının quraşdırılması qaydası, elektrik və istilik qurğularının texniki istismar qaydası, həmçinin, elektrik və istilik qurğularının istismarında texniki təhlükəsizlik qaydası layihələri ətrafında geniş fikir mübadiləsi aparılmış, mümkün risklər dəyərləndirilmişdir. Müvafiq qurumların nümayəndələri elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydasına münasibət bildirmiş, yanacaq ehtiyatlarının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və qeydiyyatının həyata keçirilməsi qaydası layihəsi ilə bağlı öz mülahizələrini səsləndirmişlər. Müvafiq sahədə Rusiya, Belarus və Qazaxıstan təcrübəsindən nümunələr gətirilmiş, fikir mübadiləsi aparılmışdır.  

KPMG audit, vergi və konsultasiya xidmətləri sahəsində ixtisaslaşmış peşəkar xidmətlər şəbəkəsidir. Mənzil-qərargahı Niderlandın Amstelven şəhərində yerləşən bu şirkət idarəetmə, risklər və restrukturizasiya sahəsində konsultasiya xidmətləri göstərir. KPMG audit xidmətləri göstərən dünya nəhənglərinin Böyük dördlüyünə daxildir.