Macarıstanın enerji tənzimləyicisi AERA-nın əməkdaşları ilə öz təcrübəsini bölüşüb

Macarıstanın Enerji və Kommunal xidmətlər üzrə Tənzimləmə Qurumunun (MEKH) ekspertləri Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) əməkdaşları üçün elektrik və təbii qaz məsələlərinə dair virtual seminar keçiriblər. Seminar iki gün davam edib.

Seminarda iştirak edən MEKH-nin Beynəlxalq məsələlər üzrə vitse-prezidenti Pal Şaqvari və AERA-nın İdarə Heyətinin sədri Samir Axundov Azərbaycan və Macarıstanın strateji tərəfdaş ölkələr hesab olunduğunu, qarşılıqlı olaraq həyata keçirilən tədbirlərin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər. Eyni zamanda AERA və MEKH arasında fikir mübadilələrinin aparılmasının, seminarların həyata keçirilməsinin enerji tənzimləmə sahəsində effektiv tədbirlərin, birgə layihələrin icrası üçün də faydalı ola biləcəyi qeyd olunub.

İki gün ərzində həyata keçirilən seminarda enerji bazarının liberallaşdırılması, elektrik şəbəkəsinə qoşulmanın ümumi qaydaları və mövcud infrastruktur, tənzimləmə fəaliyyətlərinin monitorinqi, elektrik enerjisi və qaz bazarının strukturu, tariflər, elektrik enerjisi üzrə xidmət keyfiyyətinin tənzimlənməsi, eləcə də təbii qaz bazarının tənzimlənməsi və təmiz enerjiyə keçid ilə bağlı məsələlər müzakirə edilib və təcrübələr bölüşülüb.

Qeyd edək ki, AERA və MEKH arasında 2021-ci ilin noyabr ayında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən hər iki tənzimləyici qurum arasında enerji sahəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı təcrübə proqramlarının, seminarların keçirilməsi nəzərdə tutulub.