Türkiyənin enerji tənzimləyicisi elektrik enerjisi bazarına dair təcrübəsini AERA ilə bölüşüb

Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) arasında 2022-ci il üzrə əməkdaşlığa dair hazırlanmış iki mərhələli fəaliyyət planına uyğun olaraq EPDK-nın nümayəndələri elektrik enerjisi bazarına dair təcrübəsini AERA-nın mütəxəssisləri ilə bölüşüblər.

Görüşü giriş nitqi ilə açan AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov göstərdikləri dəstəyə görə qardaş Türkiyə Respublikasının mütəxəssislərinə AERA adından öz təşəkkürünü bildirib və bu kimi təcrübə mübadilələrinin Azərbaycan Respublikasında enerji məsələlərini tənzimlənmə sahəsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

EPDK və AERA arasında imzalanan əməkdaşlıq protokolunun önəmini vurğulayan EPDK-nın Strateji inkişaf departamentinin Beynəlxalq əlaqələr qrupunun rəhbəri Mehmet Kürkçü qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, həmçinin “EPDK və Türkiyənin enerji bazarı” mövzusunda təqdimatla çıxış edərək EPDK-nın fəaliyyəti, tənzimlənən sahələr üzrə vəzifə və öhdəlikləri barədə məlumat verib.

Daha sonra EPDK-nın enerji sahəsi üzrə mütəxəssisləri, Mustafa Yavuzdemir “EPDK-nın Türkiyənin elektrik enerjisi bazarında rolu”, Gökay Kütükcü “Türkiyədə elektrik bazarının tarixi və cari vəziyyəti”, Merve Bildirici “Türkiyənin elektroenergetika sektorunda tarif tənzimlənməsi” mövzularında təqdimatla çıxış edərək müvafiq sahə üzrə qardaş ölkənin qabaqcıl təcrübəsini bölüşüblər.

 Görüş interaktiv sual-cavab sessiyası ilə davam edib.

Fəaliyyət planına uyğun olaraq, iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin təşkili məqsədilə silsilə görüşlərin keçirilməsi nəzərdə tutulub.