AERA nümayəndəsi Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının Budapeştdə keçirilən seminarına qatılıb

Aprelin 4-5-də Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA) və Kommunal Xidmətlərin Tənzimlənməsi üzrə Milli Assosiasiyanın (NARUC) təşkilatçılığı ilə Bidapeştdə enerji tənzimləyicilərinin 5-ci texniki seminarı keçirilib. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) sponsorluğu təşkil edilmiş ikigünlük seminarın ilk günündə “Qaz infrastrukturu layihələrinin xərcləri və gəlirlərinin təhlili: analitik üsullar və alətlər” mövzusunda diskussiyalar aparılıb, ikinci günündə isə gündəlikdəki mövzulara dair fərqli tapşırıqların yerinə yetirilib.

Müzakirələr zamanı tənzimləyici qurumların qaz infrastrukturu layihələrinin xərcləri və gəlirlərinin təhlillərinə dair təcrübələrinə həsr olunmuş fərqli təqdimatlar və tematik araşdırmalar nümayiş etdirilib, müxtəlif ölkələrin tənzimləyici qurumlarının, ötürücü sistem operatorunun təcrübəsi öyrənilib. 

Tədbirin əsas məqsədi tənzimləyicilərə investisiya layihələrinin qiymətləndirilməsi sahəsində müvafiq təcrübəyə yiyələnməsinə yardım etmək və bu mexanizmdən istifadə metodologiyasını öyrədilməsidir.

Macarıstan paytaxtında keçirilən tədbirdə Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının assosiativ üzvü olan Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmi nümayəndəsi də iştirak edib. Nümayəndələr xərclərin və gəlirlərin təhlili mexanizminin əhəmiyyəti barədə praktik biliklər əldə edərək, interaktiv məşğələlərdə iştirak ediblər.