Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində fəaliyyət göstərən istehlakçıların nəzərinə!

Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən müəyyən olunmuşdur ki, bəzi podratçı şirkətlər istehlakçıların etibarından sui-istifadə edərək göstərilən xidmətlərin dəyərini süni şəkildə şişirdir. Belə ki, müvafiq sənədlərin dövlət orqanlarına təqdim edilməsi üçün müxtəlif yollarla əlavə xidmət haqları tələb olunur, ödənişsiz olan dövlət xidmətləri haqqında yanlış məlumatlar verilir.

Bununla əlaqədar istehlakçıların bir daha nəzərinə çatdırılır ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən icazələr ÖDƏNİŞSİZ əsaslarla verilir və bu icazələrin verilməsi üçün istehlakçılara hər hansı məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulmur.

Bundan əlavə, müvafiq təbii inhisarçılar tərəfindən göstərilən xidmətlərdən Texniki Şərtlərin verilməsi, istismara qəbul zamanı sənədlərə dövlət qurumları tərəfindən baxılması üzrə xidmətlər, eləcə də tikinti qanunvericiliyinə əsasən tikinti layihələrinin razılaşdırılması ÖDƏNİŞSİZ əsaslarla həyata keçirilir (həmin layihələr isə podratçılar tərəfindən ödəniş müqabilində hazırlana bilər).

Bu məsələlər üzrə daha ətraflı məlumat almaq istəyən istehlakçılar Energetika Nazirliyinin “974” nömrəli Çağrı Mərkəzinə və ya “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara müraciət edə bilərlər.

Bundan başqa, istehlakçılar obyektlərin enerji təchizatı və ya qazlaşdırılması layihəsində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi üçün göstərilən layihələrin qeydiyyata alınması və istismara buraxılış aktlarının verilməsi üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin müvafiq filiallarına müraciət edə bilərlər.