AERA İdarə Heyətinin sədri Latviyanın Azərbaycandakı səfirini qəbul edib

1 noyabr 2019-cu il tarixdə Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri Samir Axundov Latviyanın Azərbaycandakı səfiri cənab Dainis Garançsı qəbul edib.

Görüş zamanı cənab Axundov qonağa yeni yaranmış Agentliyin tarixi barədə qısa məlumat verib, onun tənzimləyici və təftiş funksiyalarından söz açıb, həmçinin ölkənin enerji sənayesi haqqında danışıb. O, aparılan islahatlar barədə danışarkən, Agentliyin yaranmasının bu islahatların bir hissəsi olduğunu qeyd edib.

Eyni zamanda, cənab Axundov səfirə Azərbaycanın qaz, istilik və elektrik enerjisi sektoru haqqında ətraflı məlumat verib. Agentliyə tənzimləyici funksiyanın həvalə edildiyini vurğulayan Samir Axundov, Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə “Tənzimləyici haqqında” qanun layihəsinin hazırlandığını sözlərinə əlavə edib.  

Potensialın artırılması və institusional islahatlara gəlincə, İdarə Heyətinin sədri Agentlik mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq seminarlara qatıldıqlarını, həmçinin müxtəlif ölkələrə təcrübə xarakterli səfərlər etdiklərini qeyd edib.  

Görüşdə AERA tərəfindən istilik, bərpa olunan enerji, xüsusilə bu sahədə keçirilməsi gözlənilən hərraclara dair fəaliyyətlərə də diqqət ayrılıb. Tərəflər iki ölkə arasında enerji tənzimlənməsi sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi perspektivlərinə dair fikirlərini bölüşüblər. Xüsusilə Latviya tənzimləyicisinin təftiş sahəsindəki təcrübəsinin öyrənilməsi və gələcəkdə Tənzimləyici ilə Tvinninq layihəsinin icrasına dair məsələlər müzakirə olunub. Sonda cənab səfir AERA-nın tənzimləmə sahəsində Tvinninq layihəsinə qoşulması və Latviya tənzimləyicisi ilə əməkdaşlığın gücləndirilməsi məsələlərinə öz dəstəyini ifadə edib.