AERA-nın İdarə Heyətinin sədri Enerji Birliyi Tənzimləyicilərinin İdarə Heyətinin Afina görüşündə iştirak edib

Yunanıstanın paytaxtı Afina şəhərində Enerji Birliyi Tənzimləyicilərinin İdarə Heyətinin (ECRB) 44-cü görüşü baş tutub. Tədbirdə Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA)  İdarə Heyətinin sədri Samir Axundov iştirak edib. Cənab Axundov Azərbaycan Respublikasında enerji tənzimlənməsinin cari vəziyyəti ilə bağlı məruzə ilə çıxış edib. 

İclas zamanı ECRB-nin daxili prosedur qaydalarına dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul edilib, 2020-2021-ci illəri əhatə edən dövr üçün ECRB prezidentliyinə namizədlər barədə təqdimatlar keçirilib, Enerji Tənzimləyicilərinin Əməkdaşlığı Agentliyi (ACER) platformu çərçivəsində yeniliklər barədə çıxış olub. Daha sonra ECRB üzvləri Enerji Birliyi Tənzimləyicilərinin İdarə Heyətinin son görüşündən sonrakı dəyişikliklər barədə danışıblar, 2019-cu il üzrə ECRB pərakəndə satış bazarı hesabatı təqdim edilib.

Elektrik enerjisi və təbii qaza həsr edilmiş iki ayrı sessiya zamanı müvafiq hesabatlar dinlənilib, aparılmış sorğuların nəticələri elan edilib, topdansatış bazarı, həmçinin ötürücü və paylayıcı sistem koordinatorunun təhlili aparılıb, bu sahələrdə 2020-ci il üzrə iş proqramları qəbul edilib, növbəti il üçün Topdansatış Enerji Bazarının Bütövlüyünün və Şəffaqlığının Tənzimlənməsi (REMIT) məruzəsi təqdim edilib.

Sonda GASREG Misir tənzimləyicisinin Enerji Birliyi Tənzimləyicilərinin İdarə Heyətinin fəaliyyətinə qatılmaq üçün etdiyi müraciət müzakirəyə çıxarılıb. ECRB illik yekun hesabatı və 2020-ci il üzrə iş proqramı qəbul edildikdən sonra Enerji Birliyi Tənzimləyicilərinin İdarə Heyətinin 44-cü görüşü başa çatıb.