2020-ci ilin ilk 4 ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən Texniki Şuralara daxil olan 542 müraciətə baxılıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycanın bölgələrində kiçik və orta sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması proseslərinin daha da sadələşdirilməsi sahəsində fəaliyyətini davam etdirir.

2020-ci ilin ilk 4 ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 542 müraciətə baxılıb. Rübün nəticələrinə əsasən qəbul edilmiş müraciətlərdən 541-nin icrası təmin edilib, 1 müraciətdən isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən imtina edilib.

Müqayisə üçün bildirək ki, 2019-cu ildə Texniki Şuralara ümumilikdə 2280 müraciət daxil olub ki, onlardan 2247 müraciətin  icrası tam təmin edilib.

2019-cu ildə paytaxt və regionlarındakı “ASAN Kommunal” və "ASAN xidmət" mərkəzlərində, o cümlədən  1 saylı “ASAN Kommunal”, 2 saylı “ASAN Kommunal”, Sumqayıt "ASAN xidmət", Gəncə "ASAN xidmət", Sabirabad "ASAN xidmət", İmişli "ASAN xidmət", Masallı "ASAN xidmət", Quba "ASAN xidmət", Bərdə "ASAN xidmət", Mingəçevir "ASAN xidmət", Qəbələ "ASAN xidmət" və Şəki "ASAN xidmət" mərkəzlərində ümumilikdə 12 Texniki Şura yaradılıb.

Qeyd edək ki, Texniki Şuralar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi məqsədilə yaradılıb.