AERA nümayəndəsi Minskdə keçirilən enerji məsələlərinə dair iki beynəlxalq tədbirə qatılıb

Mayın 21-24-də Minsk şəhərində "Mənzil idarəçiliyi və binalarda enerji səmərəliliyi" mövzusunda təlim keçirilib. Tədbir BMT Avropa İqtisadi Komissiyasının (UNECE), BMT Məskunlaşma Proqramının (UN-HABITAT) və Belarus hökümətinin birgə təşkilatçılığı ilə keçirilib.

Dördgünlük seminarda Belarusun şəhərsalma fəaliyyəti, yaşayış binaları və torpaq idarəçiliyinə dair dayanıqlı inkişaf hədəflərinin təşviqi nöqteyi-nəzərdən enerji təminatı və kommunal xidmətlərin effektivliyinin yaxşılaşdırılması məsələləri müzakirə olunub. Tədbirdə iştirak edən Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya dövlətlərindən gəlmiş müvafiq sahə üzrə ekspertlər öz ölkələrinin təcrübələrini bölüşüblər. Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvü olan Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) də təlimlərdə təmsil olunub.  

Eyni tarixlərdə Belarus paytaxtında Azərbaycan tərəfinin iştirakı ilə daha bir beynəlxalq enerji forumu keçirilib. Enerji sahəsində tənzimləyici qurumlar üçün 8-ci illik Şərq Tərəfdaşlığı seminarı rəqəmsallaşdırma mövzusuna həsr olunub. Seminarda Şərq Tərəfdaşlığı ölkələrinin enerji sahəsində tənzimləyici qurumlarının nümayəndələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Tədbirdə iştirak edən AERA nümayəndəsi müvafiq sahə üzrə hazırladığı ətraflı və informativ təqdimatla çıxış edib.