EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin iyul ayı üzrə nəticələri açıqlayıb
  • Publikasiya tarixi2025-08-07 14:38:00
  • KateqoriyasıXəbərlər

2025-ci ilin iyul ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 1224 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 167-si məlumat üçün olmaqla 1116 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 19-u məlumat xarakterli olmaqla 79 müraciət olunub. İstilik təchizatı ilə bağlı 6-sı məlumat üçün olmaqla cəmi 10 müraciət edilib. Digər məsələlərlə bağlı 1-i məlumat üçün olmaqla 19 müraciət göndərilib.

Müraciətlərdən 477-si Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (15 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 8 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 546 müraciət hazırda baxılma prosesindədir, 193 məlumat xarakterli müraciətdən 82-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 19 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 44 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 16 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 79 inzibati xəta haqqında işə baxılıb və  inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunub.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 89 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 64 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 30 müəssisədə 70 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.