Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Qarabağ filialı 2026-cı ilin 2 mart tarixində Xankəndi şəhərində yerləşən “Xankəndi” Biznes Mərkəzində fəaliyyətə başlayır. Filialın fəaliyyət ərazisinə Şuşa və Xankəndi şəhərləri, Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın rayonları daxildir.
İndiyədək işğaldan azad edilmiş şəhər və rayonlar Gəncə, Mingəçevir və İmişli filiallarının fəaliyyət ərazilərinə aid olub. Kəlbəcər rayonu Gəncə filialının, Ağdam və Ağdərə rayonları Mingəçevir filialının, Şuşa və Xankəndi şəhərləri, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın rayonları isə İmişli filialının fəaliyyət ərazisinə daxil idi.
Cari ilin martın 2-dən İmişli filialı ləğv olunur və digər filialların da fəaliyyət ərazilərində müəyyən dəyişikliklər edilir. İsmayıllı rayonu Kürdəmir filialından Şəki filialının fəaliyyət ərazisinə, Saatlı rayonu İmişli filialından Şirvan filialının fəaliyyət ərazisinə, Ağdam rayonu Mingəçevir filialından Qarabağ filialının fəaliyyət ərazisinə, Ağcabədi rayonu İmişli filialından, eləcə də Ucar rayonu Kürdəmir filialından Mingəçevir filialının fəaliyyət ərazisinə, İmişli və Beyləqan rayonları isə İmişli filialından Kürdəmir filialının fəaliyyət ərazisinə daxil edilir.
Xankəndi şəhərində filialın açılması Qarabağa qayıdışın, işğaldan azad olunmuş torpaqlara geri dönən vətəndaşların yaşayışının təmin olunması ilə yanaşı, bölgədə sabitliyin və inkişafın bərqərar olmasının göstəricisidir.