Energetika sahəsinə dair terminlərin izahlı lüğəti
  • KateqoriyaE-Kitabxana

A


Abonent (əsas istehlakçı)

Elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı

Mənbə: “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2 fevral 2005-ci il, № 18


Ağıllı sayğac

İstehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazı

Mənbə: "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Aktiv istehlakçı
Elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına 150 kVt-dək (150 kVt daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs
 
Mənbə: "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının Qanunu, 31 may 2021-ci il, № 339-VIQ

B


Balans mənsubiyyəti sərhədi (Elektrik)

Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsi.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 


Balans mənsubiyyəti sərhədi (Qaz)

Qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qaz paylayıcı şəbəkənin balans mənsubiyyətini müyyənləşdirən ayırma nöqtəsi

Mənbə: “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 12 may 2011-ci il, № 80


Bazar qiyməti 

Tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiymətdir

Mənbə: "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikası Qanunu, 30 may 2003-cü il, № 462-IIQ


Bərpa olunan enerji mənbələri

Ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dəniz və okeanlarda dalğa enerjisi, qabarma və çəkilmə enerjisi, su axınlarının enerjisi və s.)

Mənbə: "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının Qanunu, 31 may 2021-ci il, № 339-VIQ


D


Dövlət elektroenergetika müəssisəsi (vahid dövlət elektroenergetika sistemi)

Vahid mərkəzdən idarə olunan yüksək gərginlikli (110 kilovoltdan yuxarı) ötürücü elektrik şəbəkələrinin, onların dispetçer idarəetmə vasitələrinin və ona tabe olan enerji istehsalçılarının birliyi.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”


E


Effektivlik potensialı

Texniki cəhətdən mümkünlüyü və iqtisadi cəhətdən əlverişliliyi nəzərə alınmaqla enerji effektivliyi üzrə tədbirlərin tətbiqi nəticəsində qənaət oluna biləcək enerjinin miqdarı

Mənbə: "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanunu,  9 iyul 2021-ci il, № 359-VIQ


Ekoloji dizayn

Ekoloji dizayn tələblərinin enerji istehlak edən və ya enerji istehlakına təsir göstərən məhsulun dizaynına inteqrasiyası

Mənbə: "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanunu,  9 iyul 2021-ci il, № 359-VIQ


Ekoloji dizayn tələbi

Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsulun ətraf mühitə təsir göstəricilərinin ekoloji tələblərə uyğunluğunu təmin etmək üçün məhsula və ya onun konstruksiyasına dair tələblər

Mənbə: "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanunu,  9 iyul 2021-ci il, № 359-VIQ


Elektrik enerjisi istehlakçısı 

Müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs

Mənbə: “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2 fevral 2005-ci il, № 18


Elektrik enerjisinin paylayıcısı

Mülkiyyətində və ya istifadəsində olan paylayıcı şəbəkə ilə elektrik enerjisinin paylanılmasını həyata keçirən hüquqi şəxs.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2023-cü il tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”


Elektrik qurğuları

Elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”


Elektrik şəbəkəsi

Elektrik enerjisinin ötürülməsi və paylanması üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusu.

Mənbə: “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu, 11 aprel 2023-cü il, № 858-VIQ


Elektroenergetika

Elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatını özündə ehtiva edən energetika sahəsinin sektoru.

Mənbə: “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu, 11 aprel 2023-cü il, № 858-VIQ


Elektroenergetika sistemi

Mərkəzi operativ-dispetçer idarəetməsi yolu ilə elektrik enerjisinin istehsalını, saxlanmasını, ötürülməsini və paylanmasını vahid texnoloji prosesdə birləşdirən elektroenergetika obyektlərinin məcmusu.

Mənbə: “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu, 11 aprel 2023-cü il, № 858-VIQ


Elektron müraciət

Müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət.

Mənbə: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu, 30 sentyabr 2015-ci il, № 1308-IVQ


Enerji (enerji resursları)

Bütün növ enerji məhsulları, o cümlədən yanacaq növləri, bərpa olunan enerji, elektrik, istilik, su enerjisi və digər enerji formaları

Mənbə: "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Enerji resurslarından səmərəli istifadə

Ətraf mühitə texnogen təsirin azalması şərtilə enerji resurslarının (enerjinin) iqtisadi cəhətdən daha faydalı istifadəsi

Mənbə: Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Enerji təchizatı layihəsi

Tikinti obyektindən elektrik şəbəkəsinə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsinə və (və ya) əlavə güc alınmasına dair layihə sənədləri.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2023-cü il tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”


Enerjitəchizatı müəssisəsi

İcazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”


Enerji effektivliyi

Məhsulun (işin, xidmətin) və ya enerjinin istehlak olunan enerjiyə nisbəti

Mənbə: Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Enerji effektivliyi üzrə tədbirlər

Enerji resurslarından səmərəli istifadəyə yönəlmiş təşkilati, hüquqi, elmi, texnoloji və iqtisadi tədbirlərin məcmusu

Mənbə: Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Enerjiyə qənaət

Enerji effektivliyi üzrə tədbirlərin tətbiqi nəticəsində istehlak olunan enerji miqdarının azaldılması

Mənbə: Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Enerji auditi

Enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə binaların (qurğuların) və təsərrüfatların qiymətləndirilməsi

Mənbə: Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Enerji auditoru

Bu qanunla müəyyən edilmiş tələblərə cavab verən və enerji auditini həyata keçirən, energetika və iqtisadi sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan fiziki şəxs

Mənbə: Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Enerji effektivliyi üzrə xidmətlər

İstehlak olunan enerjinin həcminin ölçülməsi, təhlili və səmərəliliyinin qiymətləndirilməsi, habelə enerji effektivliyi üzrə tədbirlərin tətbiqi ilə bağlı xidmətlərin məcmusu 

Mənbə: Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Enerji istehlakı üzrə məhsulların etiketlənməsi

Enerji və digər resurslarından istifadənin effektivliyinin səviyyəsi barədə istehlakçının enerji etiketi vasitəsilə məlumatlandırılması

Mənbə: Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Enerji etiketi

Enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlıq, qurğu və cihazların enerji istehlakı həcminə dair sənəd

Mənbə: Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Enerji menecmenti sistemi

Enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan daimi enerji idarəetmə sistemi

Mənbə: Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Enerji idarəçisi (meneceri)

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verən, energetika və texniki sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan, enerjidən səmərəli istifadəyə cavabdeh fiziki şəxs

Mənbə: Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


F


Fiziki qoşulma (qaz təchizatı)

Sifarişçinin qaz qurğularına qazın verilməsi üçün çəkilmiş qaz xəttinin qaz paylayıcısının təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi

Mənbə: Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu, 30 iyun 1998-ci il, № 513-IQ


İ


İstismar məsuliyyəti sərhədi

ETM və ya DEM ilə sifarişçi arasında elektrik qurğularının istismarına görə məsuliyyət sərhədini müəyyənləşdirən ayırma nöqtəsi.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2023-cü il tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”


K


Kogenerasiya

Bir proses çərçivəsində istilik enerjisi ilə elektrik və ya mexaniki enerjinin eyni zamanda yaradılması.

Mənbə: “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Kogenerasiya qurğusu

Kogenerasiya rejimində işləyə bilən qurğu.

Mənbə: “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2021-ci il, № 359-VIQ


Q


Qaz eksperti

Qaz təchizatı sahəsində sınaq işlərinin aparılması üzrə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş fiziki və hüquqi şəxslər.

Mənbə: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu, 30 iyun 1998-ci il, № 513-IQ


Qaz nəqli xidmətləri

İstehsalçılar, paylayıcılar, istehlakçılar və qaz anbarları arasında, həmçinin idxal-ixrac və tranzit məqsədilə qazın boru kəmərləri vasitəsilə uzaq məsafələrə ötürülməsi

Mənbə: Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu, 30 iyun 1998-ci il, № 513-IQ


Qoşulma aktı (elektrik enerjisi)

Tikinti obyektinin elektrik şəbəkəsinə fiziki qoşulmasını təsdiq edən sənəd.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”


Qoşulma nöqtəsi (elektrik enerjisi)

Elektrik enerjisinin ötürülməsinə və paylanmasına təminat verən elektrik şəbəkəsinə elektroenergetika və tikinti obyektlərinin fiziki qoşulma yeri.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2023-cü il tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”


Qoşulma xidmətinə görə ödəniş (qaz təchizatı)

Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğ

Mənbə: Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu, 30 iyun 1998-ci il, № 513-IQ


Qazın paylanması

Qaz paylayıcısı tərəfindən qazpaylayıcı şəbəkə vasitəsilə qazın istehlakçılara paylanması və satılması üzrə fəaliyyət

Mənbə: Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu, 30 iyun 1998-ci il, № 513-IQ


Qaz paylayıcısı

Alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)

Mənbə: Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu, 30 iyun 1998-ci il, № 513-IQ


Qazpaylayıcı şəbəkə

Qazın istehlakçılara paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı) kompleksi

Mənbə: Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu, 30 iyun 1998-ci il, № 513-IQ


Qaz qurğusu

Qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları)

Mənbə: Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu, 30 iyun 1998-ci il, № 513-IQ


M


Məişət abonenti (əhali)

Yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”


Məişət qaz qurğusu

Ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, məişət ehtiyacları üçün istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları)

 Mənbə: Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu, 30 iyun 1998-ci il, № 513-IQ


Mövcud 0,4 kV-luq şəbəkə

Tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən düz xətt üzrə 400 metrdən çox olmayan məsafədə (radiusda) quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsi.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2023-cü il tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”


Mövcud qazpaylayıcı şəbəkə

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə təzyiqi 0,3 MPa-dək olan, həmçinin tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək düz xətt üzrə 100 metr təşkil edən məsafədə yerləşən şəbəkə.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödəniş məbləğinin hesablanmasına dair metodologiya”


Ö


Ötürücü şəbəkə

Elektrik enerjisinin ötürülməsi üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən sistem əhəmiyyətli 110 kV və ondan yuxarı gərginlikli transformator yarımstansiyaları və elektrik verilişi xətlərinin məcmusu.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2023-cü il tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”


S


Sənaye qaz qurğusu

Ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan və ya qeyri-məişət ehtiyacları üçün istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları)

Mənbə: Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu, 30 iyun 1998-ci il, № 513-IQ


Sənaye tipli elektrik stansiyaları

“Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsində müəyyən edilmiş elektrik stansiyaları istisna olmaqla, qalan bütün elektrik stansiyaları

Mənbə: “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikası Qanunu, 28 dekabr 1999-cu il, № 784-IQ


Subabonent

Elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 


T


Texniki şərtlər (qaz təchizatı)

Tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd.

Mənbə: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu, 30 iyun 1998-ci il, № 513-IQ


Texniki şərtlər (elektrik enerjisi)

Elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd.

Mənbə: “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu,  11 aprel 2023-cü il № 858-VIQ


Tərəflərin istismar məsuliyyəti aktı

ETM ilə sifarişçi arasında elektrik qurğularının və avadanlıqlarının istismarına görə məsuliyyət sərhədini müəyyənləşdirən sənəd

Mənbə: “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 27 avqust 2013-cü il, № 234


Texnoloji qoşulma (qaz təchizatı)

Qaz paylayıcısı ilə bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək qaz xətlərinin tikintisinə (çəkilməsinə) və ya əlavə qaz həcmi alınmasına dair layihənin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmət.

Mənbə: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu, 30 iyun 1998-ci il, № 513-IQ


Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması (texnoloji qoşulma)

Elektrik enerjisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik şəbəkəsinə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmət.

Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2023-cü il tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”


Z


Zəmanətli alıcı 

Elektrik enerjisinin zəmanətli tariflərlə satın alınmasını, həmçinin onun elektrik enerjisinin topdansatış bazarında satışını təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)

Mənbə: Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının Qanunu, 31 may 2021-ci il, № 339-VIQ


Zəmanətli tarif 

Elektrik şəbəkəsinə verilən elektrik enerjisinin hər kVt.saatı üçün dəstək mexanizmi çərçivəsində bərpa olunan enerji mənbələrinin əraziləri üzrə hərrac və ya birbaşa cəlbetmə yolu ilə müəyyənləşdirilmiş istehsalçılara münasibətdə müəyyən edilən tarif

Mənbə: “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti, 2 fevral 2005-ci il,  № 18