Elektrik, qaz və istilik təchizatının dayandırılmasının şərtləri
İstehlakçının elektrik, qaz və istilik təchizatı hansı hallarda dayandırıla bilər? Ətraflı cavabı buradan əldə edə bilərsiniz
Elektrik, qaz və istilik təchizatının dayandırılmasının şərtləri
  • KateqoriyaƏhali


Elektrik enerjisinin verilməsi hansı hallarda dayandırıla bilər? 

Enerji təchizatı müəssisəsi tərəfindən  istehlakçıya verilən elektrik enerjisinin dayandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.13-cü bəndində göstərilmiş aşağıdakı altbəndlər ilə müəyyən edilir:

  • İstehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
  • Elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən göndərildikdən sonra 1 ay müddətində tam məbləğdə ödənilmədikdə; 
  • Təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
  • Enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
  • Məhkəmənin qərarı ilə;
  • Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.

Qazın verilməsi hansı hallarda dayandırıla bilər?

Qaz təchizatı müəssisəsi tərəfindən istehlakçıya verilən qazın dayandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.1-ci  bəndində göstərilmiş aşağıdakı altbəndlər ilə müəyyən edilir:

  • istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
  • təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
  • istehlakçının qaz qurğusu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;
  • qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;
  • qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;
  • istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;
  • istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə;
  • məhkəmənin qərarı ilə;
  • dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.

İstilik və isti su təchizatı xidmətləri hansı hallarda dayandırıla bilər?

Enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya verilən istilik və isti su təchizatı xidmətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən aşağıdakı hallarda dayandırılır:

  • istehlakçının müvafiq yazılı müraciəti (istilik və isti su təchizatı xidmətlərinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
  • Müəssisənin istehlakçıya göstərdiyi istilik və isti su təchizatı xidmətlərinin hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
  • Müəssisə ilə müvafiq müqavilə bağlanmadıqda;
  • istehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;
  • təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
  • məhkəmənin qərarı ilə;
  • dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların göstərişi əsasında.