Elektrik enerjisi təchizatı
Elektrik enerjisi təchizatı
Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə ödəniş tutulurmu?

“Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinin  üçüncü abzasına əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. 

150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı verilməsi üçün dövlət rüsumunun ödənilməsi tələb olunurmu?

Bəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.76-cı maddəsinə əsasən, tələb olunan gücü 150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

İstehlakçı hansı hallarda dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır?

İstehlakçı aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır:

  • fors-major hadisə ilə əlaqədar;
  • kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən istismara buraxılış aktının verilməsi üçün texniki baxış hansı sənədlər əsasında keçirilir?

Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir:

1. enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;

2. enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi;

3. tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;

4. elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;

5. kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;

6. transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;

7. elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər;

8."Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.4 maddələrində göstərilən sənədlər.