İxtisas attestatının verilməsi məqsədilə namizədlərin bilik səviyyəsinin yoxlanılması ilə bağlı noyabr ayında keçirilən attestasiyanın yeri və vaxtı barədə məlumat
  • Publikasiya tarixi2024-11-19 11:12:00
  • KateqoriyasıElanlar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ixtisas attestatının verilməsi məqsədilə namizədlərin bilik səviyyəsinin yoxlanılması ilə bağlı attestasiyanın keçiriləcəyi vaxt və yer barədə

MƏLUMAT

Attestasiya keçirilən ünvan: Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 50.

Attestasiyanın başlanma vaxtı: 29 noyabr 2024-cü il saat 10:00

Attestasiya keçirilən ünvana saat 09:00-dan gec olmayaraq gəlmək tövsiyə olunur.

Saat 09:45-də attestasiya binasına giriş dayandırılır.

 

Attestasiyada iştirak etmək üçün aşağıdakılara əməl olunmalıdır:

1. Attestasiya günü buraxılış vərəqəsində göstərilən vaxtda attestasiya keçirilən binanın qarşısına gəlməli, özünüzlə aşağıdakı sənədləri gətirməlisiniz:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- attestasiyaya buraxılış vərəqəsi.

 2. Aşağıdakı hallarda iştirakçı imtahana buraxılmır:

- tələb olunan sənədlərdən biri olmadıqda və ya sənədlərdə uyğunsuzluq olduqda;

- saxta sənədlər təqdim etdikdə;

- attestasiya binasına attestasiyanın başlanmasına 15 dəqiqə qalmış gəldikdə;

- attestasiyaya sərxoş vəziyyətdə gəldikdə;

- attestasiya binasına attestasiyaya gətirilməsi qadağan edilmiş əşyalarla (mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər) daxil olmağa cəhd etdikdə.

3. Sənədləri attestasiya binasının giriş qapısında buraxılış rejimini həyata keçirən mühafizə əməkdaşlarına təqdim edib yoxlamadan keçdikdən sonra buraxılış vərəqəsində göstərilən nömrəyə uyğun zala daxil olun və buraxılış vərəqəsində göstərilən yerdə əyləşin.

4. Kompüterin ekranında göstərilən şəxsi məlumatların (soyad, ad və ata adı) düzgün qeyd olunduğunu diqqətlə yoxlayın.

5. Hər hansı bir uyğunsuzluq aşkar etdikdə zal nəzarətçisinə müraciət edin.

6. Attestasiya qaydaları ilə tanış olmaq üçün ayrılan vaxt tamamlandıqdan sonra attestasiyaya başlanır.

7. İmtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahan zalını tərk etməlisiniz.

 

Namizədə qadağandır:

- saxta və ya başqasına aid sənəd təqdim etmək, attestasiyaya öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;

- attestasiya zamanı mobil telefon və digər rabitə vasitələri, konspekt, məlumat kitabçası və digər yardımçı vasitələrdən istifadə etmək;

- attestasiya başlandığı andan icazəsiz yerini dəyişmək, gəzişmək, attestasiyanın gedişinə mane olmaq;

- digər namizədin nəticəsinə təsir göstərmək, o cümlədən sualın cavabını soruşmaq və ya bildirmək;

- nəzarətçiyə və digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

- attestasiya keçirilən binaya yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu qəbildən olan əşyalarla daxil olmaq, özü ilə tütün məmulatı gətirmək;

- səbəbindən asılı olmayaraq, attestasiya başlandığı andan 1 (bir) saat bitənədək və attestasiyanın son 30 (otuz) dəqiqəsi ərzində attestasiya keçirildiyi zaldan çıxmaq.

 

Əlavə məlumatlar Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmi internet səhifəsindən (www.regulator.gov.az) və ya 974 Çağrı Mərkəzindən əldə edilə bilər.