EMTA ERRA-nın Afinada keçirilən komitə iclaslarında təmsil olunub
  • Publikasiya tarixi2026-10-28 11:16:00
  • KateqoriyasıXəbərlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Enerji səmərəliliyi və investisiyalar şöbəsinin müdiri Mirməhəmmədəli Aslanov Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Enerji keçidi üzrə elektrik şəbəkələri komitəsinin (GET COM) oktyabrın 26-27-də Yunanıstanın Afina şəhərində keçirilən iclaslarında iştirak edib.

Sözügedən komitənin fəaliyyət istiqamətlərinə iqtisadi tənzimləmə və tarif metodologiyaları, şəbəkə inkişafı üzrə planlaşdırma, investisiya təşviqləri, xidmət keyfiyyəti, etibarlılıq və dayanıqlılıq, rəqəmsallaşma və ağıllı şəbəkələr, eləcə də enerji sistemlərinə dair məsələlər daxildir.

Yunanıstanın Enerji, Tullantılar və Su Təchizatı Tənzimləmə Qurumunun (RAAEY) evsahibliyi ilə təşkil olunan görüşlərdə şəbəkə tənzimlənməsi sahəsindəki son yeniliklər, planlaşdırılan investisiyaların qiymətləndirilməsi, ötürücü şəbəkələrin inkişaf planları və komitənin 2026-2028-ci illər üçün iş planı müzakirə edilib.

Görüşdə həmçinin Azərbaycanda tənzimləmə sahəsində atılan addımlardan bəhs olunub, ölkəmizin bu sahədəki təcrübəsi təqdim edilib. Bununla yanaşı, Azərbaycanın enerji tənzimləyici qurumunun nümayəndəsi komitənin İdarə heyətinin sədr müavini qismində iclaslardan birinə rəhbərlik edib.

Qeyd edək ki, 2018-ci ildən ERRA-nın assosiativ üzvü olan EMTA-nın bu beynəlxalq qurumla əməkdaşlığı enerji tənzimləmə sahəsində təcrübə mübadiləsinin əldə olunması və bir sıra ölkələrin tənzimləyici qurumları ilə qarşılıqlı əməkdaşlığın qurulması baxımından mühüm əhəmiyyət daşıyır.