EMTA fəaliyyət istiqamətlərinə dair 2024-cü il üzrə nəticələri açıqlayıb
  • Publikasiya tarixi2025-01-10 17:05:00
  • KateqoriyasıXəbərlər

2024-cü il ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 7931 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 819-u məlumat üçün olmaqla 6821 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 81-i məlumat xarakterli olmaqla 828 müraciət olunub. İstilik təchizatı ilə bağlı 8-i məlumat üçün olmaqla cəmi 123 müraciət edilib. Digər məsələlərlə bağlı isə 15-i məlumat üçün olmaqla 159 müraciət göndərilib.

Müraciətlərdən 6704-ü Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (87 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 26 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 278 müraciət hazırda baxılma prosesindədir, 923 məlumat xarakterli müraciətdən 465-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 139 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 350 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 211 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 384 inzibati xəta haqqında işə baxılıb, onlardan 377 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 7 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub və 1 iş məhkəməyə göndərilib.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 1132 nəzarət tədbiri keçirilib. 
İstilik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və istilik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 58 nəzarət tədbiri keçirilib. 
Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 953 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 279 müəssisədə 712 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.