Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
2025-ci ilin dekabr ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 1191 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 117-si məlumat üçün olmaqla 896 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 6-sı məlumat xarakterli olmaqla 191 müraciət olunub. İstilik təchizatı ilə bağlı 11-i məlumat üçün olmaqla cəmi 84 müraciət edilib. Digər məsələlərlə bağlı 20 müraciət göndərilib.
Müraciətlərdən 566-sı Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (26 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 7 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 484 müraciət hazırda baxılma prosesindədir, 134 məlumat xarakterli müraciətdən 68-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 23 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 45 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 13 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 15 inzibati xəta haqqında işə baxılıb və inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunub.
Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 90 nəzarət tədbiri keçirilib.
İstilik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və istilik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 50 nəzarət tədbiri keçirilib.
Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 45 nəzarət tədbiri keçirilib.
Agentlik tərəfindən hesabat dövrü ərzində 30 müəssisədə 72 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.