EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin noyabr ayı üzrə nəticələri açıqlayıb
  • Publikasiya tarixi2025-12-08 10:00:00
  • KateqoriyasıXəbərlər

2025-ci ilin noyabr ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 738 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 88-i məlumat üçün olmaqla 565 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 7-si məlumat xarakterli olmaqla 110 müraciət olunub. İstilik təchizatı ilə bağlı 3-ü məlumat üçün olmaqla cəmi 57 müraciət edilib. Digər məsələlərlə bağlı 1-i məlumat üçün olmaqla 6 müraciət göndərilib.

Müraciətlərdən 261-i Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 4 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 374 müraciət hazırda baxılma prosesindədir, 99 məlumat xarakterli müraciətdən 35-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 11 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 55 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 20 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 55 inzibati xəta haqqında işə baxılıb və inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunub.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 56 nəzarət tədbiri keçirilib.

İstilik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və istilik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 5 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 66 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 31 müəssisədə 93 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.