EMTA mütəxəssislərinin iştirakı ilə ADA Universitetinin tələbələri ilə görüş keçirilib
  • Publikasiya tarixi2026-04-17 17:12:00
  • KateqoriyasıXəbərlər

Energetika Nazirliyində ADA Universitetinin tələbələri ilə görüş keçirilib. Görüşdə Nazirliyin, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) nümayəndələri iştirak ediblər.

Tələbələrin akademik fəaliyyətlərinə dəstək göstərilməsi məqsədilə həyata keçirilən görüş zamanı onların “Elektroenergetika sisteminə mikroşəbəkələrin inteqrasiyası” mövzusunda diplom işi layihələrinə dair geniş müzakirə aparılıb. Layihə çərçivəsində təqdim olunan suallar əsasında Azərbaycanın mövcud enerji sisteminin mikroşəbəkələrin tətbiqinə uyğunluğu, bu sahədə qanunvericilik bazası, mikroşəbəkə texnologiyalarının geniş yayılmasına iqtisadi mühitin təsiri və enerji infrastrukturunun mikroşəbəkələrlə inteqrasiya imkanları ətrafında fikir mübadiləsi edilib.

Qeyd edək ki, EMTA tərəfindən ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığa önəm verilir. Bu istiqamətdə müxtəlif ali təhsil ocaqları, o cümlədən bölgələrdə yerləşən universitetlər ilə əməkdaşlıqda “Energy Talks” (Enerji söhbətləri) layihəsi həyata keçirilir.