EMTA-nın əməkdaşı Praqada keçirilən ERRA koordinatorlarının iclasında iştirak edib
  • Publikasiya tarixi2026-09-09 10:10:00
  • KateqoriyasıXəbərlər

Çexiyanın paytaxtı Praqa şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) koordinatorlarının iclası keçirilib. Tədbirdə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Xatirə Sərxanbəyli-Quliyeva iştirak edib.

İclas zamanı ERRA-nın qarşısında duran əsas çağırışlar və yeni layihələr, eləcə də qurumun 2026-2027-ci illər üzrə fəaliyyət planı və büdcəsinin əsas elementlərinə dair təqdimatlar nümayiş etdirilib, bu istiqamətdə ətraflı müzakirələr aparılıb. Eləcə də, ERRA-ya üzv təşkilatlara dəstəyin artırılması mövzusunda iştirakçılar arasında interaktiv sorğu və müzakirələr baş tutub.

Görüşdə, həmçinin ERRA koordinatorlarının iştirakı ilə təcrübə mübadiləsi məqsədilə dəyirmi masa formatında görüşlər keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, EMTA 2018-ci ildən ERRA-nın assosiativ üzvüdür. Bu əməkdaşlıq enerji tənzimləmə sahəsində beynəlxalq təcrübə mübadiləsinə və bir çox ölkənin tənzimləyici qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına töhfə verməkdədir.