EMTA və “Premium Bank” ASC arasında əməkdaşlıq müqaviləsi imzalandı
  • Publikasiya tarixi2026-04-22 12:58:00
  • KateqoriyasıXəbərlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA)  və “Premium Bank” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və “Premium Bank” ASC-nin İdarə Heyətinin sədri Fərhad Baxşəliyev imzalayıblar.

Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.

Samir Axundov Fondun fəaliyyəti barədə məlumat verərək, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə Fondun vəsaiti hesabına müvəkkil kredit təşkilatı vasitəsilə güzəştli kreditlərin verilməsinin nəzərdə tutulduğunu bildirib. O, bu məqsədilə indiyədək ölkənin on iki aparıcı bankı ilə əməkdaşlıq müqaviləsinin imzalandığını deyərək, bu istiqamətdə “Premium Bank” ASC ilə əməkdaşlığın da uğurlu olacağına əmin olduğunu qeyd edib.

Fərhad Baxşəliyev bankın fəaliyyətindən danışaraq, öz növbəsində, qarşılıqlı əlaqələrin inkişafından söz açıb. O, Fondun vəsaiti hesabına veriləcək güzəştli kreditlərin enerji effektivliyi üzrə layihələrin həyata keçirilməsinə, eləcə də imzalanan müqavilənin tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini  verəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.