Samir Axundov Afinada ERRA-nın yüksək səviyyəli görüşlərində iştirak edib
  • Publikasiya tarixi2026-10-27 12:56:00
  • KateqoriyasıXəbərlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov oktyabrın 26-da Yunanıstanın Afina şəhərində keçirilən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasına (ERRA) üzv qurumların rəhbərlərinin görüşündə, eləcə də ERRA-nın Baş Assambleyasının xüsusi görüşündə iştirak edib.

Yunanıstanın Enerji, Tullantılar və Su Təchizatı Tənzimləmə Qurumunun (RAAEY) evsahibliyi ilə təşkil olunan görüşdə ERRA-nın xəritələşdirmə üzrə tədqiqatı, Macarıstanın enerji tənzimlənməsində süni intellektin tətbiqi, Latviyanın çevik şəbəkə qoşulma xidmətləri və Tailandın bərabərhüquqlu (P2P) enerji satışı üzrə təcrübələri iştirakçılara təqdim edilib.

Görüşdə həmçinin enerji saxlama texnologiyalarına dair ERRA-nın xüsusi nəşri, eləcə də Türkiyə və Yunanıstanın bu sahədə təcrübələri nəzərdən keçirilib.

Qeyd edək ki, EMTA 2018-ci ildən ERRA-nın assosiativ üzvüdür. Bu əməkdaşlıq enerji tənzimləmə sahəsində beynəlxalq təcrübə mübadiləsinə və bir çox ölkənin tənzimləyici qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına imkan yaradır.