AERA-da Azərbaycan və Macarıstan arasında enerji tənzimləmə sahəsində əməkdaşlıq və regional bazarın inkişaf imkanları müzakirə edilib
  • Publikasiya tarixi2022-10-14 11:46:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) Azərbaycan və Macarıstan arasında enerji tənzimləmə sahəsində əməkdaşlıq və regional bazarın inkişaf imkanlarının müzakirəsi ilə bağlı görüş keçirilib. Görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, Macarıstanın enerji məsələləri üzrə eksperti Ferens Matis, eləcə də Macarıstan səfirliyinin və Agentliyin digər nümayəndələri iştirak ediblər.

Görüş zamanı enerji tənzimləmə sahəsində regional bazarın mövcud vəziyyətinə dair fikirlərini bölüşən İdarə Heyətinin sədri Samir Axundov Azərbaycan və Macarıstanın enerji tənzimləyici qurumları arasında həyata keçirilən təcrübə mübadilələrinin, eləcə də “EU4Energy” proqramı çərçivəsində icra edilən tədbirlərin əhəmiyyətindən danışıb.

İki ölkə arasında enerji əməkdaşlığından məmnunluğunu ifadə edən səfir Tamaş Torma həyata keçirilən birgə layihələrin əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

Görüşdə gələcək regional bazarın, strategiyaların inkişafı üçün tənzimləmə baxımından mövcud olan imkanların təhlili istiqamətində də fikir mübadiləsi aparılıb.