AERA-da sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması prosesinin mövcud vəziyyəti ilə bağlı müzakirə aparılıb
  • Publikasiya tarixi2022-11-01 13:00:00
  • KateqoriyasıPress-relizlər

Bu gün Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması prosesinin mövcud vəziyyəti və iş prosesində qarşılaşılan çətinliklərin müzakirəsi ilə bağlı növbəti görüş keçirilib. Görüşdə AERA, “Azərişıq” ASC və 1, 2 və 3 saylı “ASAN Kommunal” mərkəzlərində, eləcə də yaxın müddətdə fəaliyyətə başlayacaq Bakı “KOB evi"ndə (kiçik və orta biznes evi) yaradılan Texniki Şuraya üzv qurumlarının nümayəndələri iştirak ediblər.

Görüş zamanı göstərilən xidmətlərin daha keyfiyyətli və əlçatan olması yönündə də fikir mübadiləsi aparılıb və bu istiqamətdə həyata keçiriləcək tədbirlər müzakirə edilib.

Qeyd edək ki, sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulma proseslərinin daha da sadələşdirilməsi üçün “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri), KOB evləri daxil olmaqla bu il ölkə üzrə ümumilikdə fəaliyyət göstərən Texniki Şuraların sayı 19-dan 21-ə çatdırılıb.