EMTA “Elektroenergetika sahəsində liberal bazar modelinə keçid mərhələləri” mövzusunda təlim keçirib
  • Publikasiya tarixi2019-09-20 02:00:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları üçün “Elektroenergetika sahəsində liberal bazar modelinə keçid mərhələləri” adlı təlim keçirilib. Təlimi giriş sözü ilə açan Agentliyin sədri Samir Axundov bildirib ki, liberal bazar modelinə keçid Azərbaycanın energetika sahəsində hazırda aktual mövzulardan biridir.

Daha sonra DNV GL şirkətinin qrup rəhbəri, beynəlxalq ekspert İlka Lewington tərəfindən rəqabətli topdansatış bazarlarının yaranması, elektroenergetikanın bazar modeli, hazırki fəaliyyət mexanizmləri, bazarla fəaliyyət mexanizmləri, hədəf modeli, mərhələlər və hədəflər balansı, enerji alışının səmərəliliyinin artırılması və şəbəkə itkiləri barədə təqdimat olub.

Təlim iştirakçılarına məlumat verilib ki, Azərbaycanın enerji bazarında islahatlar enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə etibarlı təminatına, enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə, elektroenergetika sahəsinin iqtisadi və texniki səmərəliliyinin yüksəldilməsinə, müasir texnologiyaların və innovasiyaların tətbiqinə, subsidiyalaşdırmanın aradan qaldırılması və dövlət büdcəsinin yükünün azaldılmasına, özəl, o cümlədən xarici investisiyalar üçün əlverişli şəraitin yaranmasına, elektroenergetika sahəsində yeni biznes sahələrinin və iş yerlərinin yaradılmasına və kadr potensialının gücləndirilməsinə imkan verəcəkdir.

DNV GL şirkətinin müvafiq sahə üzrə qrup rəhbərinin müavini, beynəlxalq ekspert Aleksandr Roqozin Ukrayna enerji bazarı və ordakı təcrübədən, o cümlədən topdansatış bazarının üstünlükləri və çatışmazlıqları, həmçinin ikitərəfli müqavilələr bazarına dair təlim iştirakçılarına  geniş məlumat təqdim edib. 

DNV GL şirkətinin daha bir beynəlxalq eksperti Christian Hewicker isə Rumıniya, İspaniya, Cənubi Koreya enerji bazarı modellərini əhatə edən təqdimatlarla çıxış edib. O, adıçəkilən və bir sıra digər Avropa ölkələrinin enerji bazarlarında rəqabətin fokus və əsas modellərindən danışıb, enerji bazarının liberallaşmasının əsas mexanizmlərini təlim iştirakçılarına izah edib.     

2 gün davam edən təlimdə interaktiv müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.