EMTA Manilada keçirilən “Asiya təmiz enerji forumu – 2019” platformunda təmsil olunub
  • Publikasiya tarixi2019-06-20 02:00:00
  • KateqoriyasıPress-relizlər

İyunun 17-21-də Filippinin paytaxtı Manila şəhərində ənənəvi “Asiya təmiz enerji forumu” (ACEF) beynəlxalq platformu çərçivəsindəki tədbirlər və görüşlər keçirilib. Beynəlxalq tədbir Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə həyata keçirilib.

“Asiya təmiz enerji forumu – 2019” iştirakçıları enerji məsələlərinə həsr olunmuş müxtəlif seminarlar, karbon qazı səviyyəsinin minimuma endirildiyi enerji mənbələrindən istifadənin gələcək perspektivləri, şəhərlərdə enerji planlaşdırması, təmiz enerjinin maliyyələşdirilməsində qlobal və regional trendlər, şəhərlərdə isitmə və soyutma sistemləri, bərpa olunan enerjiyə dair maliyyə məsələləri, yeni enerji həlləri və imkanlar, həmçinin bioenerji və dayanıqlılıq məsələlərinin müzakirə edildiyi sessiyalara qatılıb.

“Asiya təmiz enerji forumu” çərçivəsində “Asiya günəş enerjisi forumu” (ASEF) da keçirilib. Günəş enerjisinə həsr olunmuş 12-ci görüş günəş enerjisi istehsalı və onun tətbiqi yollarının inkişaf tendensiyalarına həsr edilib. Asiya İnkişaf Bankı və Beynəlxalq Günəş Enerjisi Alyansının təşkilatçılığı ilə keçirilən bu ənənəvi görüşdə müvafiq sahəyə dair maliyyə məsələləri və biznes modelləri müzakirə edilib, günəş enerjisinin ötürülməsi və paylanması perspektivləri araşdırılıb.

Qeyd edək ki, Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvü olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) də “Asiya təmiz enerji forumu – 2019” platformu çərçivəsindəki bütün sessiyalarda və görüşlərdə təmsil olunub.