EMTA-nın əməkdaşlarına “MDB-nin əməkdar energetiki” fəxri adları verilib
  • Publikasiya tarixi2021-03-06 18:46:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) iki əməkdaşı “MDB-nin əməkdar energetiki” fəxri adına layiq görülüb.

Bu münasibətlə Agentlikdə təşkil olunmuş tədbirdə həmin əməkdaşlara “MDB-nin əməkdar energetiki” medalları təqdim edilib.

Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Samir Axundov təltif olunan əməkdaşların energetika sahəsinin inkişafında xidmətlərini yüksək qiymətləndirib, onlara gələcək işlərində uğurlar arzulayıb.

Agentliyin fəxri ada layiq görülən əməkdaşları Fəzayıl Süleymanov və Şıxəli Əliquliyev onların əməyinə verilən yüksək qiymətə görə dərin təşəkkürlərini bildiriblər, göstərilən etimadı hər zaman doğruldacaqlarını diqqətə çatdırıblar.

 


Qısa məlumat


Fəzayıl Süleymanov 1983-cü ildən energetika sahəsində fəaliyyət göstərir. 37 illik əmək fəaliyyətinin 7 ilini Qazaxıstanın Nursultan (Astana) şəhərində yüksəkgərginlikli elektrik şəbəkələrində rəhbər vəzifələrdə çalışıb. 1990-cı ildə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Gəncə yüksəkgərginlikli elektrik şəbəkəsində, 1996-cı ildə isə həmin qurumun Dövlət Enerji Nəzarət İdarəsində çalışıb. 2001-2012-ci illərdə Yanacaq və Energetika Nazirliyinin tabeliyinə verilmiş Dövlət Enerji Nəzarət İdarəsində çalışıb. 2012-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində fəaliyyətini davam etdirib. Keçmiş SSRİ-nin Leninqrad və Yunanıstanın Afina şəhərlərində elektroenergetika sahəsi üzrə təcrübə keçib. 2019-cu ildən AERA-nın Enerji tənzimləmə və monitorinq departamentinin direktor müavini - sektor müdiri vəzifəsində çalışır. 2017-ci ildə Respublikanın sənaye və yanacaq-energetika kompleksinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin “Tərəqqi” medalına layiq görülüb. 

Şıxəli Əliquliyev 41-illik əmək fəaliyyətinə 1980-1985-ci illərdə Azərbaycan SSRİ Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda (TEKTİ) mühəndis vəzifəsində çalışmaqla başlayıb. 1985-1987-ci illərdə Bakı şəhəri Təmir üzrə İxtisaslaşdırılmış Tənzimləmə və Sazlama, Quraşdırma İşləri İdarəsində mühəndis vəzifəsində çalışıb. 1987-1996-ci illərdə “Azərbaşenerji”nin Enerjinəzarət İdarəsində istilik texnikası üzrə müfəttiş çalışıb. 1996-2001-ci illərdə "Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyətində Texniki şöbənin müdiri, 2001-2014-cü illərdə isə Yanacaq və Energetika Nazirliyinin tabeliyindəki Dövlət Enerji Nəzarət İdarəsində Texniki və Perspektiv İnkişaf sektorunun müdiri, 2014-2018-ci illərdə isə Energetika Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. 2018-ci ildən AERA-nın Texniki normativ tənzimləmə şöbəsində böyük mütəxəssis vəzifəsində çalışır.