EMTA-nın İdarə Heyətinin sədri Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının (ERRA) tədbirində iştirak edib
  • Publikasiya tarixi2021-05-19 13:58:00
  • KateqoriyasıPress-relizlər

Görüşə ERRA-ya üzv ölkələrin tənzimləyicilərinin sədrləri, prezidentləri və komissarları qatılıblar.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov ERRA-ya üzv ölkələrin tənzimləyicilərinin sədrləri, prezidentləri və komissarlarının qatıldığı növbəti onlayn görüşdə iştirak edib.

ERRA-nın sədri, Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komissiyasının (GNERC) üzvü Maya Melikidze iştirakçıları salamladıqdan sonra Fransanın Enerji Tənzimləmə Komissiyasının (CRE) üzvü İvan Fuşö “Post pandemiya dövründə məsafədən işləmə” mövzusunda çıxış edib.

Birinci panel iclasında daha sonra baş ofisi Fransada yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Məhsuldarlıq Forumunun baş iqtisadçısı və layihə meneceri Peter Qal və Təşkilatın məsləhətçisi, İtaliyanın Bokkoni Universitetinin köməkçi-tədqiqatçısı Françesko Losma “Post pandemiya dövründə məsafədən işləmə daha məhsuldarlıdır”, “ERRA-nın daxili sorğusunun əsas nəticələri” mövzusunda təqdimatla çıxış ediblər. Mövzu ətrafında müzakirələr İvan Fuşö moderatorluğu ilə davam edib.

Görüşün ikinci paneli “Elektrik enerjisinin alqı-satqısı üzrə müqavilələr” mövzusunda ERRA-nın tənzimləmə üzrə mütəxəssisi Ardian Berişanın çıxışı ilə başlayıb.

Bu paneldə “DLA Piper” hüquq şirkətinin partnyoru Andreas Qanstın “Liberal bazarlara keçiddə olan fərqlər üçün elektrik enerjisinin alqı-satqısı üzrə müqavilələr”, Türkiyənin enerji tənzimləyicisinin (EPDK) bazar monitorinqi və qanunvericilik qrupunun keçmiş rəhbəri, baş enerji mütəxəssisi Mustafa Gözənin “Mövzu ilə bağlı aparılmış araşdırmaya dair nümunələr”, “ELS Analysis” məsləhətçi şirkətinin qurucusu Samuel Çiszukun “Skandinaviya ölkələrində elektrik enerjisinin alqı-satqısı üzrə müqavilələrin bərpa olunan enerji mənbələrində artıma və elektrik enerjisi bazarlarına təsirləri” mövzularında təqdimatları dinlənilib. İkinci panel Ardian Berişanın moderatorluğu ilə sual-cavab sessiyası ilə davam edib.

ABŞ-ın Milli Tənzimləmə Tədqiqat İnstitutunun (NRRI) aparıcı tədqiqatçısı Eliott Nezerkat və direktoru Karl Pekman “Texasın elektrik kəsintiləri: Tənzimləmə sahəsinə aid misallar”a dair təqdimatla çıxış etdikdən sonra mövzuya dair sual-cavab sessiyası keçirilib.

Görüş Şimali Makedoniyanın Enerji Tənzimləmə Komissiyasının və ERRA-nın Rəyasət Heyətinin üzvü Andriyana Nelkova-Çuçukun ERRA-nın Daxili komitə işi və ERRA-nın gələcək proqramları haqqında məlumatı ilə yekunlaşıb.

Faydalı keçidlər