EMTA-nın İdarə Heyətinin sədri ERRA-nın Baş Assambleyasında iştirak edib
  • Publikasiya tarixi2021-06-09 15:03:00
  • KateqoriyasıPress-relizlər

İyunun 9-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının (ERRA) Baş Assambleyasının onlayn iclasında iştirak edib.

ERRA-nın sədri, Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komissiyasının (GNERC) üzvü Maya Melikidze iştirakçıları salamladıqdan sonra kvorum üçün iclas üzvlərinin qeydiyyatı keçirilib, protokol qeydiyyatçısı, səsləri hesablayan və s. nümayəndələrin seçkiləri baş tutub.

Daha sonra ERRA-nın keçmiş Rəyasət Heyətinin üzvü, Latviya Kommunal Xidmətlər Komissiyasının (PUC) keçmiş sədri Rolands İrklis qurumun fəxri üzvü seçilib, Mozambikin Enerji Tənzimləmə Qurumunun (ARENE) tam üzvlük məsələsi müzakirəyə çıxarılaraq səsvermə yolu ilə təsdiq edilib.

Qurumun layihələr üzrə meneceri Kasper Yaroş və Rəyasət Heyətinin üzvü Andriyana Nelkova-Çuçuk 2020-ci ilin sentyabrından 2021-ci ilin iyun ayınadək olan dövrü əhatə edən ERRA-nın proqramlar üzrə hesabatını və 2022-ci il üçün üzvlük haqları məsələsini, Maya Melikidze 2020-2021-ci illər üzrə maliyyə və audit hesabatını,  proqram direktoru Kriştina Kaşa maliyyə statusu və dayanıqlıq proqramını, habelə iyul 2021 - iyun 2022-ci illər üzrə iş planı və büdcə layihəsini təqdim etdikdən sonra müzakirələr aparılıb və sənədlər səsvermə yolu ilə qəbul edilib.

ERRA-nın Rəyasət Heyətinin səlahiyyət müddəti başa çatmış üzvü səsvermə yolu ilə yenidən, boş qalan 1 yerə isə yeni üzv seçilib.

ERRA-nın üzvlərinə təşəkkürnamələr təqdim olunduqdan sonra iclas iştirakçıların xatirə şəkli çəkdirməsi ilə yekunlaşıb.