AERA-nın İdarə Heyətinin sədri “Naxçıvan - Yaşıl Enerji Zonası” beynəlxalq konfransında çıxış edib
  • Publikasiya tarixi2023-09-29 18:45:00
  • KateqoriyasıPress-relizlər

Bu gün Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov “Naxçıvan - Yaşıl Enerji Zonası” beynəlxalq konfransı çərçivəsində “Naxçıvanın yaşıl enerji potensialının Türkiyəyə və Avropa bazarlarına ixrac imkanları” mövzusunda keçirilən sessiyada çıxış edib.

Çıxışında Naxçıvanın zəngin yaşıl enerji potensialına malik olduğunu vurğulayan Samir Axundov elektrik stansiyalarının ümumi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının ildən-ilə artdığını qeyd edib. O, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlərin və yaşıl enerji ilə bağlı imzalanan anlaşmaların əhəmiyyətindən söz açıb.

Əlavə olaraq S. Axundov bildirib ki, Azərbaycan–Türkiyə–Avropa elektrik dəhlizi layihəsi çərçivəsində Türkiyəyə elektrik verilişi xəttinin çəkilməsi, eləcə də Naxçıvan Muxtar Respublikasının enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulması yönündə icra olunan tədbirlər elektrik enerjisi istehsalı və ixracı potensialını artırmaqla bölgənin beynəlxalq əməkdaşlıq məkanı­na çevrilməsi üçün yeni imkanlar yaradır.