Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Hüquqi təminat və təhlil şöbəsinin rəhbəri Fariz Şirinov Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) tərəfindən “EU4Energy” proqramının II mərhələsi – “Şərq tərəfdaşlığı” ölkələrində təmiz enerjiyə keçidin təşviqi” çərçivəsində enerji sahəsində rəhbər vəzifəli şəxslər üçün Brüsseldə keçirilən regional təlimdə iştirak edib.
İki gün davam edən təlimdə “Bütün Avropalılar üçün Təmiz Enerji Paketi”nin tətbiqi ilə bağlı yeni çağırışlar haqqında məlumat verilib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, regionda əməkdaşlığın sürətləndirilməsi yolları, “Şərq tərəfdaşlığı” ölkələrinin milli qanunvericiliklərinin Avropa İttifaqının (Aİ) tələblərinə uyğunlaşdırılmasının təşviqi, eləcə də Avropanın enerji siyasətinin işlənib hazırlanmasında, Aİ səviyyəsində qərar qəbuletmə proseslərində iştirak edən əsas aktorların rolları və yeni tənzimləyici bazanın effektiv tətbiqinin təmin edilməsində tənzimləyici orqanlar qarşısında duran vəzifələr müzakirə edilib.
Qeyd edək ki, “EU4Energy” proqramının II mərhələsi 2024-cü ilin dekabr ayınadək davam edəcək və bu mərhələnin məqsədi regionun təmiz enerjiyə keçidini, həmçinin enerji bazarının liberallaşmasını dəstəkləmək üçün dayanıqlı qanunverici və hüquqi bazanın inkişafına kömək etməkdir.