AERA və Beynəlxalq Maliyyə Korporasiyası bərpa olunan enerji sahəsində dövlət-özəl sektor tərəfdaşlığını müzakirə edib
  • Publikasiya tarixi2022-12-21 12:01:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC ) Azərbaycan üzrə rəhbəri Aliyə Əzimovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı bərpa olunan enerji sahəsinə özəl sektorun cəlb edilməsi, elektrik enerjisinin ixracı və tarif məsələləri müzakirə edilib.

İdarə Heyətinin sədri Samir Axundov enerji sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətini vurğulayaraq Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilən investisiya layihələri, eləcə də elektrik enerjisinin ixrac imkanları barədə görüş iştirakçılarına geniş məlumat verib.

Nümayəndə heyətinin üzvü, IFC-nin Dövlət-özəl sektor tərəfdaşlığı üzrə eksperti Filip Drapak  isə dövlət-özəl sektor tərəfdaşlığının bərpa olunan elektrik enerjisi istehsalına effektiv təsirindən söz açıb. O, həmçinin beynəlxalq maliyyə institutunun enerji sahəsinə özəl sektor investisiyalarının cəlb edilməsi yönündə geniş təcrübəyə sahib olduğunu diqqətə çatdırıb.