EMTA və Energetika Nazirliyi Bakı Mühəndislik Universitetinin tələbələri ilə görüşüblər
  • Publikasiya tarixi2021-02-20 20:41:00
  • KateqoriyasıPress-relizlər

Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA), Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri ilə Bakı Mühəndislik Universitetinin tələbə və müəllim heyəti arasında onlayn görüş olub. Görüşün məqsədi energetika, enerji tənzimləmə və bərpa olunan enerji sahələrində görülmüş işlər barədə tələbələrə ümumi məlumat vermək, onların müvafiq sahələr üzrə məlumatlılıqlarının artırılması prosesinə dəstək vermək və şəbəkələşməkdir.

Tədbirdə Energetika Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Cahid Mikayılov, Nazirliyin Dövlət qulluğu və kadrlar şöbəsinin sektor müdiri Xəyalə Qurbanova, həmçinin, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Günel Əhmədova və  Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin icrası və monitorinqi şöbəsinin baş məsləhətçisi Fuad Həsənov iştirak ediblər.

Bakı Mühəndislik Universiteti tərəfdən isə Mühəndislik fakültəsinin elektrik mühəndisliyi, elektronika mühəndisliyi və elektroenergetika ixtisasları üzrə təhsil alan və ixtisasları tədris edən təcrübəli və tanınmış müəllim heyəti iştirak ediblər.

Tələbələrlə görüş zamanı Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov ölkəmizdə bərpa olunan enerji mənbələrindən, xüsusilə günəş elektrik stansiyaları və külək enerjisi sahəsində özəl investisiyaların cəlb olunması, həmçinin, hazırda həyata keçirilən pilot layihələr barədə geniş məlumat verib. Görüşdə çıxış edən Mühəndislik fakültəsinin müəllimləri tələbələrin bu sahədə elmi-texniki tədqiqat potensialının gücləndirilməsinə dair fikirlərini bölüşüblər, maraqlı təkliflərlə çıxış ediblər.

Daha sonra Nazirliyin Dövlət qulluğu və kadrlar şöbəsinin sektor müdiri Xəyalə Qurbanova tələbələrə Energetika Nazirliyində vakant yerlərə işə qəbul prosesi, dövlət qulluğu, dövlət qulluğuna müsabiqə və müsahibə qaydaları barədə ətraflı məlumat verib.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Günel Əhmədova Energetika Nazirliyinin və EMTA-nın rəsmi vebsaytlarında enerji tənzimləmə və ümumilikdə energetika sahəsinin ayrı-ayrı bölmələrinə dair səhifələrlə tələbələri tanış edib, davamlı olaraq xəbərlərlə yenilənən sosial media səhifələri barədə danışıb, hər iki qurumun illik hesabatlarına dair məlumatlara diqqət çəkib.

Sonda tələbə və müəllimləri maraqlandıran suallar qurum nümayəndələri tərəfindən cavablandırıb.