Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) və Böyük Britaniyanın tənzimləyici qurumu “Ofgem”in mütəxəssisləri arasında “yaşıl tariflər” mövzusunda müzakirə keçirilib və təcrübə mübadiləsi aparılıb.
“Enerji tarifləri və metodologiya” mövzusunda təqdimatla çıxış edən AERA-nın Tarif sektorunun müdiri Şahin Məhərrəmli Azərbaycanın enerji bazarı, həmçinin elektrik enerjisinə dair mövcud tariflər və AERA tərəfindən hazırlanan “Tarif metodologiyası” layihəsi haqqında məlumat verib.
“Ofgem”in Beynəlxalq əlaqələr üzrə böyük mütəxəssisi Sam Rea isə sistem xərclərinin balanslaşdırılması, “yaşıl tarif” növləri ilə bağlı Böyük Britaniya təcrübəsini bölüşərək “yaşıl tariflər”ə yönəlik təşviqedici mexanizmin önəmini vurğulayıb.
Böyük Britaniyada “yaşıl tariflər”in tarixçəsi haqqında məlumat verən “Ofgem”in Siyasət üzrə meneceri Patrik Qould “yaşıl taiflər” üzrə ötən il həyata keçirilən tədqiqatın nəticələrini iştirakçıların diqqətinə çatdırıb. Belə ki, o, qeyd edib ki, istehlakçıların yarısı hazırda “yaşıl tarif”də olduqlarını bildirsələr də, onun mahiyyəti ilə bağlı kifayət qədər dərin bilgiyə sahib olmamaları məlumat kirliliyinə gətirib çıxarır. Bu istiqamətdə istehlakçıları doğru məlumatlandırmağın vacibliyini vurğulayan Patrik Qould “Dekarbonizasiya üzrə fəaliyyət planı” və “yaşıl tariflər”i optimallaşdırmaq üçün mövcud tənzimləyici və texniki həllərlə də bağlı məlumat verib.
Daha sonra AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, eyni zamanda “Ofgem”in direktor müavini vəzifəsini müvəqqəti icra edən, Topdansatış bazarına nəzarət və beynəlxalq məsələlər üzrə nümayəndəsi Natan Makvinni və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin Beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru Coel Derbişir qarşılıqlı əməkdaşlığa görə təşəkkürlərini bildirərək bu kimi müzakirələrin faydalı olduğunu qeyd ediblər.