Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
14-18 oktyabr 2019-cu il tarixləri arasında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) İdarə Heyətinin sədri Samir Axundov, habelə Azərbaycan Respublikası Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Tarif Şurası, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilən “Enerji sektorunun maliyyə-bərpa planının inkişafı”na texniki dəstək Layihəsi çərçivəsində Almaniyaya təşkil edilən səfərdə nəzərdə tutulmuş bir sıra görüşlərə qatılıb. Səfərin əsas məqsədi Azərbaycan nümayəndə heyətinin Almaniyanın liberallaşdırılmış elektrik enerjisi bazarı haqqındakı biliklərinin artırılması idi.
Səfər zamanı Leypsiqdəki “Power Exchange EEX”-də olan nümayəndə heyəti elektrik enerjisinin topdansatış bazarının funksiyaları barədə məlumat əldə edib. Qonaqlar topdansatış qiymətlərinin müəyyən edilməsi qaydaları və elektrik enerjisi istehsalçılarının rəqabət mühiti ilə tanış olublar. Azərbaycan nümayəndə heyəti həmçinin sistem operatorunun Berlində yerləşən enerji sistemi laboratoriyasına səfər edib. Burada uzunmüddətli şəbəkə planlaşdırması, elektrik stansiyalarının enerji çatdırılması şərtləri ilə çalışan sistem əməliyyatı, bərpa olunan enerjinin inteqrasiya edilməsinə olan ehtiyacla bağlı çağırışlar, həmçinin elektrik balanslaşdırılması üçün bazar və qiymətlərə dair biliklər əldə edilib.
Bundan əlavə, nümayəndə heyəti liberallaşdırılmış bazarın elektrik enerjisi istehsalçılarına təsirinə dair sessiyada iştirak edib, Vuppertal bələdiyyəsi kommunal xidmətlərinə səfər edərək rəqabətli bazarda yekun tariflərin necə müəyyən edildiyini öyrənib.
Azərbaycanlı ekspertlər Bonn şəhərində yerləşən tənzimləyici – Federal Şəbəkə Agentliyini (Bundesnetzargentur) ziyarət etməklə müstəqil bir tənzimləyicinin təbii monopoliya elementlərinin (şəbəkələrinin) tariflərinin tənzimlənməsi və bazara nəzarət vasitəsilə rəqabət elementlərinin aşkar edilməsi işini necə icra etməsinə dair müzakirələrə qatılıblar.
İşgüzar səfər Bonn şəhərində DNV GL məsləhət şirkətinin nümayəndələri ilə keçirilmiş görüş ilə yekunlaşıb. Son görüş bərpa olunan enerji, həmçinin onun qiyməti və elektrik enerjisi bazarına təsiri məsələlərinə həsr edilib.