Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumları yeni əməkdaşlıq əlaqələrinin perspektivlərini müzakirə edib
  • Publikasiya tarixi2023-07-19 17:27:00
  • KateqoriyasıPress-relizlər

Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Avstriyanın enerji tənzimləyici qurumu E-Control-un nümayəndələri arasında görüş keçirilib.

Görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, E-Control-un icraçı direktoru, Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) vitse-prezidenti Volfqanq Urbançiç, eləcə də hər iki qurumun digər nümayəndələri iştirak ediblər.

Görüş zamanı ilkin olaraq hər iki ölkənin enerji tənzimləyici qurumunun fəaliyyətinə yönəlik məlumatlar təqdim olunub və enerji tənzimləmə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Eyni zamanda, AERA və E-Control arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi yönündə müzakirələr aparılıb.

Qeyd edək ki, elektrik enerjisi və təbii qaz sahələri üzrə tənzimləməni həyata keçirən E-Control 2001-ci ildə yaradılıb. Quruma Avstriyanın İqlim Dəyişikliyi, Ətraf Mühit, Enerji, Mobillik, İnnovasiya və Texnologiyalar üzrə Federal Nazirliyi (BMK) tərəfindən təyin edilmiş iki icraçı direktor rəhbərlik edir.