Azərbaycan və Türkiyənin enerji tənzimləyiciləri enerji bazarlarında rəqəmsallaşma və hidrogenin rolu ilə bağlı müzakirə aparıb
  • Publikasiya tarixi2023-06-14 18:53:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) mütəxəssisləri arasında növbəti görüş keçirilib.

Görüş zamanı enerji bazarlarında rəqəmsallaşma və hidrogenin roluna dair Türkiyə təcrübəsi AERA-nın mütəxəssisləri ilə bölüşülüb. Belə ki, EPDK-nın enerji üzrə mütəxəssisi Zühre Aydın “Enerji bazarlarında rəqəmsallaşma” mövzusunda təqdimatla çıxış edərək Türkiyənin enerji bazarının rəqəmsal transformasiyası, bu prosesdə tənzimləyicinin rolu, eləcə də risk və imkanlar haqqında məlumat verib, yeni biznes modelləri və enerji bazarlarında kibertəhlükəsizlik ilə bağlı iştirakçıları məlumatlandırıb.

Gələcək enerji bazarlarında hidrogenin rolundan danışan EPDK-nın Tamamlayıcı bazarlar və alternativ yanacaq qrupunun rəhbəri Şüheda Okumuş isə yaşıl hidrogen potensialı və Türkiyənin bu sahədəki imkanlarını diqqətə çatdırıb.

Görüş sözügedən məsələlərin müzakirəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan-Türkiyə II Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2022-2023-cü illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində enerji sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə AERA və EPDK arasında mütəmadi olaraq görüşlər keçirilir.