Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli, 1313 nömrəli Fərmanına uyğun olaraq, Masallı, Quba, Bərdə və Mingəçevir rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində Texniki Şura fəaliyyətə başlayıb. Texniki Şuraların əsas fəaliyyəti bölgələrdə kiçik və orta sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulma proseslərinin daha da sadələşdirilməsindən ibarətdir.
Bununla əlaqədar keçirilən tədbirdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA), “ASAN xidmət” və "Azərişıq” ASC-nin nümayəndələri iştirak ediblər.
Bu günə kimi sahibkarların elektrik şəbəkəsinə qoşulması üçün 1 saylı Bakı “ASAN Kommunal”, 2 saylı Bakı “ASAN Kommunal”, Sumqayıt “ASAN xidmət”, Gəncə “ASAN xidmət”, Sabirabad “ASAN xidmət”, İmişli “ASAN xidmət” mərkəzlərində xidmətlər göstərilir.
Bununla da Texniki Şuraların sayı 10-a çatıb.
Qeyd edək ki, bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli, 1313 nömrəli Fərmanına uyğun olaraq “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində mövcud Texniki Şuraların tərkibində dəyişikliklər edilməsi və yeni Texniki Şuraların formalaşdırılması haqqında Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun 22 iyul 2019 tarixli Əmri ilə təsdiq olunub.
Həmçinin, bu tədbirlər Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.