EMTA əməkdaşları Almaniyada keçirilmiş regional seminarda iştirak ediblər
  • Publikasiya tarixi2024-07-30 17:01:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Elmar Güləliyev, Enerji səmərəliliyi və investisiyalar şöbəsinin müdiri Mirməhəmmədəli Aslanov və Strateji planlaşdırma və innovasiyalar şöbəsinin aparıcı mütəxəssisi İsmayıl Quliyev 25-26 iyul 2024-cü il tarixlərində Almaniyanın Berlin şəhərində “Təmiz Enerji Paketi çərçivəsində paylayıcı sistem operatorlarının yeni rolları” mövzusunda keçirilmiş regional seminarda iştirak ediblər.

Tədbir Avropa Enerji Tənzimləyiciləri Şurasının (The Council of European Energy Regulators - CEER) və Enerji Birliyi Katibliyinin (The Energy Community Secretariat - EnCS) birgə əməkdaşlığı ilə “EU4Energy” proqramının II mərhələsi – “Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” çərçivəsində təşkil olunub.

İkigünlük seminarın keçirilməsində əsas məqsəd Təmiz Enerji Paketi çərçivəsində paylayıcı sistem operatorlarının bərpa olunan enerji mənbələrinin və yeni bazar iştirakçılarının elektrik enerjisi bazarına inteqrasiyasını asanlaşdırmaq, paylayıcı sistem operatorlarının fəaliyyətlərinin mühüm elementləri barədə tənzimləyici qurumların nümayəndələrini və Enerji Birliyindəki bazar iştirakçılarını məlumatlandırmaq olub.

Tədbirdə CEER, EnCS, həmçinin digər bir sıra qurumların nümayəndələrinin çıxışları dinlənilib və Avropa təcrübəsi iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, tənzimləyici qurumların nümayəndələri də paylayıcı sistem operatorlarının fəaliyyəti haqqında təqdimatlar nümayiş etdiriblər. EMTA-nın şöbə müdiri Elmar Güləliyev “Azərbaycanın elektroenergetika sektorunda aparılan islahatlar fonunda paylayıcı sistem operatoru” mövzusunda təqdimatla çıxış edib.