Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Hüquqi təminat və təhlil şöbəsinin müdiri Leyla Cəfərova və Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyev Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (Energy Regulators Regional Association - ERRA) aprelin 27-28-də Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən 23-cü illik konfransı çərçivəsində sözügedən beynəlxalq qurumun komitə iclaslarında iştirak ediblər.
Leyla Cəfərova “İstehlakçı hüquqlarının müdafiəsi komitəsi”nin iclasında “Energetika sahəsində istehlakçı hüquqlarının qorunması ilə bağlı ölkə üzrə yeniliklər” adlı hesabat ilə çıxış edib. İclasda energetika sahəsində istehlakçı hüquqlarının qorunması sahəsində Avstriya, Çexiya, Yunanıstan, Macarıstan, Latviya, Moldova, Rumıniya və Slovakiyanın enerji tənzimləyici qurumlarının nümayəndələrinin təqdimatları dinlənilib. Eləcə də Şimali Makedoniya və Litvanın bu sahədəki təcrübəsi, Yunanıstanın dinamik qiymət tənzimlənməsi metodologiyasına nəzər yetirilib. Görüş zamanı Azərbaycana dair məlumatların da yer aldığı “Elektrik enerjisinin təchizatı üzrə müqavilələrinin tənzimlənməsi: ERRA çərçivəsində fəaliyyətə dair yenilənmiş məlumat” adlı komitə hesabatı da təqdim olunub.
Elmar Güləliyevin iştirak etdiyi “Elektrik enerjisi bazarları və iqtisadi tənzimləmə komitəsi”nin görüşündə elektrik enerjisinin paylanması üzrə tariflərə dair hesabat iştirakçıların diqqətinə təqdim olunub. Görüşdə şəbəkə yüklənməsinin və kəsintilərin aradan qaldırılması, eləcə də elektrik şəbəkələrinin idarə edilməsi üçün müvafiq sistemlərin (SCADA/EMS/DMS) inteqrasiyasının təmin edilməsi barədə məlumatlar, həmçinin ERRA-nın fəaliyyətinin əhatə dairəsi və əsas nəticələrinə dair hesabat dinlənilib. Görüşün sonunda qeyd olunan mövzular ətrafında dəyirmi masa müzakirələri aparılıb.
Qeyd edək ki, ERRA 2000-ci il dekabrın 11-də Buxarestdə təsis olunub, 44 ölkəni təmsil edən 48 tənzimləyici qurumu özündə birləşdirərək enerji tənzimlənməsi sahəsində bilik və təcrübə mübadiləsi üçün platforma rolunu oynayır. EMTA fəaliyyətə başladığı ilk dövrdən bu beynəlxalq qurum ilə əməkdaşlıq əlaqələri qurub və 2018-ci ilin aprel ayında təşkilata assosiativ üzv qəbul olunub.
ERRA-nın 25 illik yubileyinə təsadüf edən builki konfransda 49 ölkədən 124 tənzimləyici qurum, şirkət və təşkilatı təmsil edən üzv ölkələrin enerji tənzimləyici qurumlarının rəhbərləri, investorlar, eləcə də aparıcı ekspertlər və tədqiqatçılar olmaqla 300 nümayəndə iştirak edib. Konfransın əsas mövzusu enerji siyasətinin transformasiyası və tənzimləmə fəaliyyətinin adaptasiyası olub. Tədbir zamanı həm elektrik enerjisi, həm də qaz təchizatı üzrə mühüm məsələlər təhlil edilib.