Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
2023-cü il üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 6765 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 568-i məlumat üçün olmaqla 5672 müraciət qeydə alınıb. Təbii qaz təchizatı ilə bağlı 64-ü məlumat xarakterli olmaqla 864 müraciət olunub. İstilik təchizatı ilə bağlı 7-si məlumat üçün olmaqla cəmi 103 müraciət edilib. Digər məsələlərlə bağlı isə 8-i məlumat üçün olmaqla 126 müraciət göndərilib.
Müraciətlərdən 5632-si Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (113 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 14 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 472 müraciət hazırda baxılma prosesindədir, 647 məlumat xarakterli müraciətdən 328-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 165 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 521 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 21 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati xəta haqqında işlərə baxılıb və 191 iş üzrə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərar çıxarılıb.
Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 861 nəzarət tədbiri keçirilib. İstilik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və istilik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 63 nəzarət tədbiri keçirilib. Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 718 nəzarət tədbiri keçirilib.
15 “ASAN xidmət", 3 “ASAN Kommunal” mərkəzi və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 3848 müraciət qəbul edilərək icra olunub.
Agentlik tərəfindən hesabat dövrü ərzində 273 müəssisədə 709 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.