EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib
  • Publikasiya tarixi2024-04-19 17:21:00
  • KateqoriyasıPress-relizlər

Aprelin 19-da Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ETRA) birgə əməkdaşlığı ilə Bakıda kommunikasiyanın təşkilinə dair beynəlxalq seminar keçirilib. Tədbir vacib tənzimləyici qərarlar ətrafında kommunikasiya bacarıqlarının mənimsənilməsinə həsr olunub.

Açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Samir Axundov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın beynəlxalq əhəmiyyətli bir sıra tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini, bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-un Azərbaycanda keçiriləcəyini vurğulayıb. Ölkəmizin müxtəlif sahələrdə yüksək səviyyəli görüşlər və konfranslar üçün unikal platformaya çevrildiyini deyən Samir Axundov bugünkü tədbirin də qarşılıqlı müzakirə və təcrübə mübadiləsi baxımından iştirakçılar üçün faydalı olacağına inamını ifadə edib.

Beynəlxalq seminarda Azərbaycan, Gürcüstan, Türkiyə, Latviya, Şimali Makedoniya, Yunanıstan, Kanada, Nigeriya, Albaniya, Polşa, Qazaxıstan, Oman, Moldova və Rumıniyadan olan milli enerji tənzimləmə qurumlarının kommunikasiya mütəxəssisləri, eləcə də strateji kommunikasiya xidmətləri göstərən və bu sahədə tədqiqatlar aparan aparıcı şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə təqdimatlar üzrə çıxışlar və müzakirələrdən sonra sual-cavab sessiyaları baş tutub.

15 ölkədən 30-dək kommunikasiya mütəxəssisini bir araya gətirmiş seminarın keçirilməsində məqsəd effektiv kommunikasiyanın prinsip və metodlarını müzakirə etmək, sosial rifaha təsir edən vacib tənzimləyici qərarların ictimaiyyətə çatdırılmasında ən yaxşı təcrübələri daha yaxından nəzərdən keçirmək, bununla yanaşı həm uğurlu, həm də qeyri-effektiv kommunikasiya kampaniyaları və vasitələri kontekstində müxtəlif ölkələrin kommunikasiya nümunələrini təqdim etmək olub.

Qeyd edək ki, 2000-ci il dekabrın 11-də Buxarestdə təsis olunmuş Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ETRA) 43 ölkəni təmsil edən 47 tənzimləyici qurumu özündə birləşdirərək enerji tənzimlənməsi sahəsində bilik və təcrübələrin mübadiləsi üçün platforma rolunu oynayır. EMTA yarandığı ilk vaxtlardan ETRA ilə əlaqələr qurub və 2018-ci ilin aprel ayından təşkilatın assosiativ üzvüdür.