EMTA “EU4Energy” proqramının II mərhələsinin yekun regional konfransında təmsil olunub
  • Publikasiya tarixi2025-06-30 10:55:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Hüquqi təminat və təhlil şöbəsinin müdiri Leyla Cəfərova iyunun 24-də Brüsseldə keçirilmiş “EU4Energy” proqramının II mərhələsi – “Şərq tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” layihəsinin yekun regional konfransı çərçivəsində “Şərq tərəfdaşlığı regionunda enerji sahəsində islahatlar, davamlı enerji inkişafında çağırışlar və imkanlar” mövzusunda panel müzakirələrində iştirak edib.

Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) tərəfindən təşkil olunmuş tədbirin məqsədi qeyd olunan layihənin həyata keçirilməsindən əldə edilən nailiyyətləri və təcrübəni müzakirə etmək, həmçinin enerji sahəsində gələcək əməkdaşlıq imkanlarını müəyyən etmək olub.

Konfrans çərçivəsində enerji tənzimləmə mühitinin təkmilləşdirilməsi, Şərq tərəfdaşlığı ölkələrində dekarbonizasiya, enerji keçidi və bazar inteqrasiyası,  eləcə də səmərəli və davamlı istilik təchizatı, enerji sektorunda kibertəhlükəsizliyin əhəmiyyəti müzakirə edilib. Bununla yanaşı, “EU4Energy” proqramının III mərhələsinin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.