EMTA fəaliyyət istiqamətlərinə dair 2024-cü ilin II rübü üzrə nəticələri açıqlayıb
  • Publikasiya tarixi2024-07-10 09:14:00
  • KateqoriyasıPress-relizlər

Cari ilin II rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 1820 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 184-ü məlumat üçün olmaqla 1660 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 22-si məlumat xarakterli olmaqla 134 müraciət olunub. İstilik təchizatı ilə bağlı 2-si məlumat üçün olmaqla cəmi 10 müraciət edilib. Digər məsələlərlə bağlı isə 3-ü məlumat üçün olmaqla 16 müraciət göndərilib.

Müraciətlərdən 1027-si Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (18 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 6 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 576 müraciət hazırda baxılma prosesindədir, 211 məlumat xarakterli müraciətdən 89-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 40 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 67 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.

Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 45 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 117 inzibati xəta haqqında işə baxılıb, onlardan 114 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 3 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 300 nəzarət tədbiri keçirilib. Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 248 nəzarət tədbiri keçirilib.

15 “ASAN xidmət", 3 “ASAN Kommunal” mərkəzi və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 559 müraciət qəbul edilərək icra olunub.

Agentlik tərəfindən hesabat dövrü ərzində 61 müəssisədə 163 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.